| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | 31 |
| ||||
Dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirdi. Cəmiyyətin demokratikləşməsi, Azərbaycanın ümumavropa dəyərlərinə qovuşmaq istəyi İctimai Televiziyanının yaranmasını labüdləşdirdi. Bu zəmində Avropa Şurasının tələbi və Azərbaycan ictimaiyyətinin istəyi ilə İctimai Televiziyanın yaradılması kütləvi müzakirəyə çevrildi.
Beləliklə, 2004-cü il setyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizm, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür.
İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalıdır.
Əhalinin bütün təbəqələrini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək pinsipini irəli sürən “İctimai Televiziya və Radio Yayımları haqqında” qanuna əsasən bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları hər biri iki nəfər olmaqla Yayım Şurası üzvlüyünə namizəd irəli sürdülər.
2005-ci ilin mart ayında parlament qanuna müvafiq olaraq YŞ-nın üzvlərini formalaşdırdı. Yayım Şurasının üzvləri qeyd olunan müxtəlif təşkilatları təmsil etmələrinə baxmayaraq, onlar cəmiyyətin ümumi maraqlarına xidmət edir.
Beləliklə, Yayım Şurası üzvləri öz aralarından Cahangir Məmmədlini sədr seçdilər. Növbədə isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçimi dururdu. Namizədliyi irəli sürülənlərin 5 il televiziya və idarəetmə təcrübəsi olmalı, informasiya texnologiyalarına bələd olmalı, Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri barədə geniş bilgisi olmalı idi. Beləliklə, 2005- ci il aprelin 16-da YŞ-nın 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçildi.
İctimai Televiziyaya baş direktor seçkisindən sonra televiziyanın quruculuq işlərinə başlandı. Baş direktor seçkisindən ötən çox qısa zaman kəsiyində - 2-3 aya analoqu olmayan işlər görüldü. TV məkanında ilk dəfə olaraq işə qəbul qanunda nəzərdə tutulmadığı halda müsabiqə yolu ilə keçirildi və televiziyaya sadiq, peşəkar, yenilikçi, tərəfsiz, azad fikirli jurnalistlərə üstünlük verildi.
Paralel olaraq TV-nin yerləşdiyi binada yenidənqurma işlərinə başlandı. Çox qısa zaman kəsiyində təmir-tikinti işləri görüldü və texniki təchizat məsələləri həll edildi.
Beləliklə, 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, nazirlər və komitə sədrləri, dövlət və hökümət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ictimai-siyasi təşkilatların nümayəndələri və digər şəxslər iştirak etdilər.
Açılış mərasimi İctimai Televiziya ilə canlı yayımlandı. İTV-nin baş direktoru İsmayıl Ömərov çıxış edərək televiziyanın açılışı münasibətilə Azərbaycan xalqını təbrik etdi.
Mərasimdə çıxış edən prezident İlham Əliyev İTV-nin Azərbaycan efir məkanında özünəməxsus yer tutacağını və qısa müddət ərazində tamaşaçıların rəğbətini qazanacağını qeyd etdi.
Nəhayət, prezident İctimai Televiziyanın simvolik pultunu işə saldı.
Bununla da Azərbaycan efir məkanına XALQIN TELEVİZİYASI olan İCTİMAİ TELEVİZİYA DAXİL OLDU.