Misir Mərdanov (Təhsil naziri) Bir il Azərbaycan teleməkanında özünə yer tutmaq üçün o qədər də çox vaxt deyil. Mənim fikrimcə bu bir il ərzində İTV – ya Azərbaycanda ən baxılan , ən sevilən kanallardan birinə çevrilmişdir. Düşünürəm ki, əvvəla İTV – nin rəhbərliyi peşəkar jurnalistlərdən və bu işə bələd olan insanlardan ibarət olduğuna görə.Yəni onlar bu işdə təsadüfi insanlar deyillər. Mənim fikrimcə ən ciddi məqamlardan biri odur ki, İTV milliliyi daha qabarıq şəkildə əks etdirən kanala çevrilə bildi.
Vurğun Əyyub (Musavat partiyası başqanının birinci müavini) İTV –nin maarifçilik, elm sahəsi istiqamətində hazırladığı verilişlər maraq doğurur. Bu verilişlərin bir neçəsində mən də iştirak etmişəm. Onu da qeyd edim ki, verilişin kollektivi çox böyük zəhmət çəkir. Problemin açılış istiqamətində istər ekspertlərin dəvət edilməsi, istərsə ictimai rəyin öyrənilməsi baxımından maraqlı süjetlər hazırlayırlar. Bu verilişlərdə iştirak edən bir şəxs kimi bu verilişlərin ictimaiyyət arasında həm nüfuz qazandığını görürəm, həm maarifçilik istiqamətində çox böyük təsirinin olduğunu düşünürəm.
| |
| | | | Şahlar Əsgərov (BDU-nun professoru) İTV –ya əvvəlcədən öz üzərinə götürdüyü fəaliyyət prinsipinə sadiqdir. Millilikdir, ədalətlilikdir, çeviklikdir, qərəzsizlikdir. Bütün bu prinsiplərə sadiqsiz, ona görədə verilişləriniz uğurla gedir. Xüsusilə millilik və müasirliyin vəhdətini diqqət mərkəzinə çəkmək istəyirəm.
Rasim Əliquliyev (texnika elmləri doktoru) Bu televiziyanı başqa televiziya kanallarından fərqləndirən əsas xüsusiyyətlərdən biri ondan ibarətdir ki, bu televiziya Azərbaycanda intellektual mühitin formalaşdırılmasında, biliklərin təbliğində, təhsil problemlərinin xüsusi olaraq qabardılmasında, onun ictimai müzakirəsinin təşkilində, digər tərəfdən, elmi problemlərin müzakirəsində xüsusi olaraq Azərbaycan respublikasının informasiya cəmiyyəti ideyalarının təbliğində müstəsna xidməti vardır.
Firuddin Səməndərov (BDU-nun professoru) Bir il ərzində İTV –nin gördüyü işlər bizdə qürur, iftixar hissi yaradır. Mən İTV –nin qeyrətli, vətənə bağlı olan rəhbərliyinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, rəhbərlikdə istiqamət olmasa bu vətən yönümlü, bizim qəlbimizi ağrıdan problemlərimizlə bağlı verilişlərə yol verilməz.
|
|
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino HARNİŞ: Yeni yaradılan İctimai Televiziya və Radio Yayımları Şirkətinin kollektivini təbrik edir, onlara bu şərəfli işdə uğurlar arzulayıram. İctimai Teleradio Şirkəti elə bir imkandır ki, Azərbaycan jurnalistikasında ən yüksək standartlar nümayiş etdirilsin və ictimaiyyət tərəfsiz, qərəzsiz, obyektiv və ədalətli məlumatlarla təmin olunsun. Xüsusilə də, seçki dövründə bu şirkətdə çalışan əməkdaşlar obyektivlik prinsipinə əməl etməklə cəmiyyətin, geniş auditoriyanın böyük hörmətini qazanmaq imkanına malik olacaq. Arzu edirəm ki, İctimai Teleradio ictimai maraqların ifadəçisi olmaqla, ictimaiyyətin etimadını qazansın və bütün Azərbaycan vətəndaşlarının sevimli kanalına çevrilsin. Bir daha şirkətin kollektivinə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıram. ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio PAVESİ:
Əvvəla, mən İctimai Televiziyanın yaranması istiqamətində görülən quruculuq işlərinin nəticəsindən olduqca razıyam və bununla əlaqədar şirkətin Baş direktoru cənab İsmayıl Ömərovu təbrik edirəm. Avqust ayının sonlarında başa çatacaq bütün bu işlər gözəl başlanğıc və ilkin nailiyyətdir. Bu, Azərbaycan xalqının özünü aşkar ifadə etməsi üçün əlverişli imkandır. Hələ bir neçə ay öncə İctimai Televiziyanı yaradıb formalaşdırmaqla Azərbaycan ictimaiyyəti təmsilçilərinin doğru yolda olduqları barədə mövqeyimi bildirmişdim. Hesab edirəm ki, İctimai Televiziyanın mövqeyi hansısa lazımsız məlumatların, eləcə də bəzi şəxslərin şəxsi maraqlarının işıqlandırılması deyil, bütövlükdə dəqiq, faktlara söykənən xəbərlərin tamaşaçılara çatdırılmasında vasitəçilikdən ibarət olacaq. İctimai mövqe ümumi fikir toplusudur. Əgər sizə kiminsə fikri vacibdirsə, mütləq informasiya təchizatı yetərli səviyyədə olmalıdır. Yəni ölkədə baş verən hadisələr və mövcud problemlər operativ, tərəfsiz işıqlandırılmalıdır. İnanıram ki, İTV belə məsələlərin öhdəsindən layiqincə gələcək. Marko BORSOTTİ: BMT-nin rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi
Azərbaycanda İctimai Televiziyanın yaradılmasının şahidi olmaq sevindirici haldır, çünki bu, demokratiyanı və azad mühitdə informasiya əldə etmək üçün ictimaiyyətin potensialının gücləndirilməsi istiqamətində atlımış bir addımdır. Bu səbəbdən, mən İctimai Televiziyanın yaradılması və fəaliyyətə başlanması münasibətilə sizi təbrik edirəm. Eyni zamanda onu da qeyd etmək istərdim ki, İctimai Televiziyanın yaradılmasının qərara alınmasından bu televiziyanın fəaliyyətə başlamasınadək çox az vaxt keçdiyindən, televiziyanın idarəetmə prosesindəki səmərəlilik məni xüsusilə valeh etdi. Mənim fikrimcə, bu, televiziyanın gələcək fəaliyyətinin müsbət şəkildə qurulacağından xəbər verir. Şübhəsiz ki, İctimai Televiziya cəmiyyət üçün böyük ümidlər vəd edir. İctimaiyyətin istər milli, istərsə də beynəlxalq xəbərləri müstəqil təqdimatda əldə etməsi mühüm əhəmiyyət kəsb edir. Burada yayım maliyyələşdirənlərin deyil, məhz tamaşaçıların maraqları əsas götürülür. İnsanların fikirlərini, mövqeyinin əks etdirilməsi və bütün ölkəyə yayılması vacib amildir. Bugünkü cəmiyyətdə isə televiziya ən geniş imkanlı və ən güclü kommunikasiya vasitəsidir. Demokratiyanın inkişafı üçün bu televiziyanın müxtəlif təbəqələrin, partiyaların, siyasi və ictimai qrupların, təşkilatların, eləcə də Azərbaycanın vətəndaş cəmiyyətinin digər üzvlərinin fikirlərini əhatə etmək baxımından tarazlaşdırılmış mövqeyə malik olması çox vacibdir. Bu, vətəndaşları məlumatlandırmağa, onlara öz fərdi fikir və düşüncələrini formalaşdırmağa kömək edəcək. Mənə elə gəlir ki, Azərbaycanda İctimai Televiziyanın müstəqilliyini təmin edəcək Yayım Şurasının fəaliyyəti xüsusilə vacib xarakterə malikdir. Bu səbəbdən mən onlara və bu televiziyada çalışan bütün əməkdaşlara nailiyyətlər arzulayıram. Etibar Məmmədov: "Ümid edirəm ki, İTV müstəqil, sərbəst və ictimaiyyət tərəfindən sevilən bir telekanal olacaq"
Azərbaycan İctimai Televiziya və Radiosunun yaranması çoxdan gözlənilən bir hadisədir. Biz gözləyirik ki, İctimai TV məhz xalqın maraqlarını nəzərə alıb proqramlarını formalaşdıracaq. Bu gün ölkəmizdə fəaliyyət göstərən kanalların birtərəfli mövqe tutması, o cümlədən ayrı-ayrı şəxslərə, dövlət qurumlarına, ya da bütövlükdə hökumətə xidmət edərək şirkətlərin sponsorluğu ilə restoranda hazırladığı əyləncə proqramları, çəkilişləri hamımıza yaxşı məlumdur. İctimai Televiziyada belə şeylər olmamalıdır. Biz sözün həqiqi mənasında müstəqil elektron informasiya vasitəsinin yaranmasını istəyirik. İTV fəaliyyətə başlamamışdan əvvəl onun haqqında birmənalı fikir, rəy formalaşdırmaq olmaz. Bəzilərinin İTV barədə mənfi rəy yürütməsi onu zəiflətmək, sıradan çıxarmaq məqsədi güdür. Hər hansı bir rəyi yalnız fəaliyyətə başlayandan sonra vermək olar. Mən ümid edirəm ki, İTV əsl müstəqil, sərbəst və ictimaiyyət tərəfindən sevilən bir kanal olacaq. Bu işdə İctimai Televiziyanın kollektivinə uğurlar diləyirəm. Bəstəkar Cavanşir Quliyev: "İTV- nin musiqi verilişlərində istifadə olunan musiqi əsərlərinin keyfiyyəti mümkün qədər yuxarı olsun".
Mən də bir vətəndaş kimi istəyirəm ki, İctimai Televiziya ictimaiyyətin televiziyası olsun və cəmiyyətin bütün kəsimlərinin, bütövlükdə Azərbaycan cəmiyyətinin hamısının maraqlarına xidmət etsin. O ki qaldı musiqi təbliğatına, son zamanlar insanlar, dinləyicilər televiziya və radio kanallarından çox şikayət eləyirlər. Musiqinin keyfiyyətinin aşağı düşməsi barədə narazılıqlar var. Arzu eləyirəm ki, İctimai Televiziyanın musiqi verilişlərində istifadə olunan musiqi əsərlərinin keyfiyyəti mümkün qədər yuxarı olsun. Mats Linberq, Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi: “İTV-nin efirə yüksək səviyyəli verilişlər çıxaracağına şübhə etmirik”
Hər şeydən əvvəl İctimai Televiziyanın efirə çıxmasından çox şad olduğumu ifadə etmək istəyirəm. Mən İctimai Televiziyanın rəhbərliyi və heyətinin bunun baş verməsi üçün nə qədər böyük zəhmət çəkdiyini və Avropa Şurasının həqiqətən bu televiziyanın efirə çıxmasından çox razı qaldığını bilirəm. Avropa Şurası İctimai Televiziyanın varlığını həqiqi demokratiyanın reallaşması və demokratik cəmiyyətin əsası kimi qəbul edir. İctimai Televiziyanın yayımına başlaması Azərbaycanın Avropa Şurasının üzvlüyündə ən əsas şərtlərdən biridir. Biz İctimai Televiziyanın hərtərəfli, balanslaşdırılmış, müstəqil və tərəfsiz siyasi müzakirələr təşkil edəcəyinə çox yüksək ümidlər bəsləyirik. Biz həm də İctimai Televiziyanın efirə çox müxtəlif, yüksək səviyyəli verilişlər çıxaracağına şübhə etmirik. Bizim İctimai Televiziyaya böyük ümidlərimiz var və onun yayımlarını çox diqqətlə izləyəcəyik. Azərbaycanda noyabr parlament seçkiləri İctimai Televiziya üçün çox ciddi sınaq olacaqdır. İctimai Televiziya həqiqətən də müstəqil olduğunu və müxtəlif partiyaların namizədlərinə seçki kampaniyasında öz mövqelərini açıqlamaları üçün yaxşı imkanlar yarada biləcəyini göstərməlidir. İctimai Televiziya inkişaf prosesinə başlamışdır və Avropa Şurası hər zaman İctimai Televiziyaya hər cür yardım etməyə hazırdır. Sözümü İctimai Televiziyanın rəhbərliyinə və heyətinə fəaliyyətlərində böyük uğurlar arzuları ilə yekunlaşdırmaq istərdim. "İctimai TV xalqa bağlı telekanal olacaq" "Ümid" partiyasının sədri İqbal Ağazədə başlanğıcın yaxşı olduğunu dedi:
İctimai Televiziyada açılış mərasiminin keçirildiyi gün "Dədə Qorqud" filmi nümayiş olundu. Bu simvolik xarakter daşıyırdı və İctimai TV-nin dövlətə, xalqa nə qədər bağlı olacağına bir işarə idi. Əlbəttə, İctimai Televiziya hələ geniş fəaliyyətə və qarşısında duran vəzifələrin hamısının birbaşa nümayişinə başlamayıb. Amma bu da başlanğıc üçün pis deyil. İstər xəbərlər proqramında neytrallığın qorunması, istər baş verən hadisələrin ətraflı şəkildə geniş tamaşaçı auditoriyasına çatdırması və s. kifayət qədər ciddi hadisədir. Arzu edərdim ki, gedişat bu cür davam etsin. Neytrallığını qorusun, obyektiv informasiya versin. Kiminsə təbliğat vasitəsinə çevrilməsin. Xalqın İctimai Televiziyadan gözlədikləri böyükdür. | |
| | | | Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Turan Moralı:
Səfir olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirə çıxmasıyla bağlı aparılan hazırlıq işlərini yaxından izləyirəm və hesab edirəm ki, sözügedən şirkətin yaranması Azərbaycanda müstəqil medianın inkişafı üçün mühüm rol oynayacaq. Bu proses həm də cəmiyyətdə gedən demokratikləşməyə böyük təkan verəcək. Ölkəmizin rəsmi və özəl qurumları arasında hər sahədə mükəmməl əməkdaşlıq mövcuddur. Türkiyənin Azərbaycandakı səlahiyyətli elçisi kimi İctimai Teleradionun müvafiq proqramlarında iştirak etməkdən məmnunluq duyuram. İctimai Teleradio Yayımları Şirkətinin kollektivinə işlərində uğurlar diləyirəm. “Demokratik ölkələrdə İTV olmalıdır”. Şair Ramiz Rövşən fikirlərini belə açıqladı:
İctimai Televiziyanın efirə çıxmasından çox məmnunuq. Bu olduqca vacib məsələ idi. Çünki bütün demokratik ölkələrdə İctimai Televiziya olmalıdır. Ümid edirəm ki, bu yolda irəlilədiyimiz bir vaxtda İctimai Televiziya qərəzsiz və obyektiv fəaliyyət göstərəcək. “Arzu edərdim ki, daima obyektiv olasınız”. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov :
İctimai Televiziyanın yayıma başlamasını cəmiyyət çoxdan gözləyirdi. Bu sosial sifariş idi. İndi isə artıq bu reallaşıb. Arzu edərdim ki, daima obyektiv və qərəzsiz olasınız. Verilişlərinizdə balansı qoruyasınız. Ümidvaram ki, İctimai Televiziya bu prinsiplərə həmişə əməl edəcək və efir məkanında özünəməxsus yer tutacaq. Bu işdə bütün yaradıcı kollektivə uğurlar arzulayıram. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Sabir Rüstəmxanlı:
"İctimai TV gərək fikir söyləmək mədəniyyətinin inkişafında xüsusi bir mərhələ açsın". İctimai TV-nin açılışı Azərbaycanın televiziya və mətbuat tarixində çox böyük bir hadisədir. Azərbaycan ictimaiyyətinin bu tarixi hadisəni uzun müddətdən bəri gözləyirdi. Azərbaycanda müstəqil, nə hakimiyyətdən, nə də ayrı-ayrı imkanlı şəxslərdən asılı olmayan bir kanalın yayıma başlaması cəmiyyətdəki demokratik proseslərə son dərəcə ciddi təkan verə bilər. Bu həm də demokratikləşməni, vətəndaş cəmiyyəti quruculuğunu sürətləndirər. Cəmiyyətdə müxtəlif fikirlərin səslənməsinə vərdişi formalaşdırar. Yəni, heç bir fikir cəmiyyətdə hegemonluq daşıya bilməz. Bu televiziyada qarşılıqlı surətdə bütün təbəqələrin rəylərinin eşidilməsi qeyd etdiklərimin həyata keçməsi üçün vacib elementdir". Mən istərdim ki, İctimai Televiziyanın diktorlarından, aparıcılarından başlamış ən sıravi müxbirlərinə qədər hər biri yüksək söz mədəniyyəti, jurnalistika mədəniyyətini Azərbaycan ictimaiyyətinə ən yüksək formada nümayiş etdirsin. Bu televiziyanın ilk addımı necə atılacaqsa, elə də davam edəcək. Arzu edirəm ki, bu kanalın təməli halallığın, düzlüyün üstündə qurulsun. Televiziya sahəsində böyük təcrübəyə malik olan İsmayıl Ömərovun İctimai TV-nin gözəl bir yayım orqanına çevirmək imkanı var. Çox istərdim ki, o bu imkanlarından istifadə eləsin və doğrudan da örnək ola bilən, ictimaiyyətin bütün təbəqələrinin maraqlarını təmin edən bir televiziya yaransın. Vaqif SƏMƏDOĞLU: "İTV ekranında yeni elmi, etnoqrafik verilişlər görmək istəyirəm"
Mən ümid bəsləyirəm ki, İctimai Televiziya xalqın onlardan gözlədiyini verə bilsin. Əslində, bu şirkətin əməkdaşları Azərbaycan ictimaiyyətinin onlardan nə gözlədiyini yaxşı bilir. Ona görə də ilk gündən bütün kollektiv səfərbər olaraq onlara göstərilən etimadı doğrultmağa çalışmalıdır. Üzümü tuturam hələlik fəaliyyətə başlamamış bir televiziya haqqında fikir söyləyənlərə: Əvvəlcə gözləmək lazımdır. Əgər görsəniz ki, bu televiziya ona göstərilən etimadı doğrultmur, o zaman öz iradlarınızı deyərsiniz. O adamlar ki, bəri başdan bu televiziya haqqında mənfi rəy formalaşdırırlar, onlar həqiqətən də bu kanalın yaxşı olmasını istəmirlər. Vasif ADIGÖZƏLOV: “Ümidvaram ki, İctimai Teleradio bayağı, aşağı səviyyəli musiqinin təbliğinə yol verməyəcək”.
Sizin fəaliyyətiniz respublikamız, xalqımız üçün bir yenilikdir. Mən ümid edirəm ki, sizin televiziya həyatımızı daha işıqlı, daha maraqlı edəcək. Xalqımızın və sənətkarlarımızın sizə qarşı olan münasibəti və əlaqələri çox yaxşı olacaq. Mən və mənim kimi bir çox peşəkar sənətkarlar bəzi televiziya kanallarından narazıdır. Əlbəttə, bunu deyəndə mən musiqinin təbliğini nəzərdə tuturam. Ümidvaram ki, İctimai Televiziya və Radio o biri televiziya kanallarındakı lazımsız, insanların zövqünü oxşamayan aşağı səviyyəli musiqi verilişlərinin təbliğ olunmasına yol verməyəcək.. Mən istərdim ki, İctimai Televiziyada və Radioda peşəkar səviyyəli, yüksək zövqlü verilişlər hazırlansın. Öz klassik musiqimizlə yanaşı dünya klassik müsiqisindən nümunələr səslənsin. Elmira Süleymanova: "İstərdim ki, İctimai TV- də insan hüquqlarının qorunması təbliğ olunsun"
Bu günlərdə ilk dəfə olaraq çoxdan yolunu gözlədiyimiz İctimai Televiziya efirə ilk siqnallarını göndərdi və bununla da çox qızğın müzakirələrlə dolu hazırlıq dövrü yekunlaşdı. İctimai Televiziya müntəzəm fəaliyyətə başladı. Elimizin adətincə gərək hər bir yeniliyə xeyir-dua verilə. Mən də deyirəm: xeyirli olsun, uğurlu olsun qədəmləri. Mən istərdim ki, bu televiziya hər birimizin, bütünlükdə əhalinin zövqünü oxşasın, hər kəsin tələbatını ödəsin, ümidlərini doğrulda bilsin. Mən insan hüquqları ilə məşğul oluram və çox istərdim ki, İctimaiTeleviziyada insan hüquqlarının qorunması təbliğ olunsun. Elə məhz bu niyyətlə də mən artıq sizlərə müraciət etmişəm ki, İctimai Televiziyada ombudsman saatı müntəzəm olaraq fəaliyyət göstərsin. Çox gözəl olardı ki, elə ilk addımlarda İctimai Televiziya Azərbaycan efirinə stereotiplərdən uzaq, tam yeni nəfəs gətirəydi. Azərbaycan gerçəklikləri bu gün o qədər genişdir ki, 24 saat da verilişlər təşkil etsəniz bunun üçün material var. Novruz Məmmədov: "Azərbaycanın demokratik inkişafı yolunda İTV mühüm rol oynayacaq".
Düşünürəm ki, İctimai Televiziyanın açılması, fəaliyyətə başlaması Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm bir hadisədir. Bunu neçə vaxtdır ki, Azərbaycan ictimaiyyəti gözləyir və Televiziyanın ərsəyə gəlməsi, Azərbaycanın həm ictimai-siyasi həyatına, həm də media fəaliyyətinə, ümumiyyətlə, yeni bir nəfəs gətirəcəkdir. Doğrudan da ictimai-siyasi televiziyanı təkcə Azərbaycan ictimaiyyəti yox, eyni zamanda beynəlxalq ictimaiyyət də gözləyir. Bu da onun üzərinə böyük vəzifələr qoyur. Mən düşünürəm ki, Azərbaycanın demokratik inkişafı yolunda məhz sizin kollektivin yaratdığı kanal mühüm rol oynayacaqdır. Mən hər şeydən əvvəl bu televiziyanın kollektivinə bir neçə ay ərzində gördüyü böyük işlərə görə dərin minnətdarlığımı bildirirəm. Məndə olan məlumata görə doğrudan da, çox böyük işlər görmüsünüz. Kiçik bir kollektivlə uzun vaxt tələb edən işi qısa bir zamanda həyata keçirmisiniz. Müxtəlif rəngarəng proqramlarla siz artıq bu gün Azərbaycanın ictimai-siyasi həyatına daxil olursunuz. Bunların hamısı Azərbaycanda uğurla qarşılanacaqdır. Mənim sizə olan arzularımdan biri budur ki, siz ümumiyyətlə, Azərbaycanda dövlətçiliyin, milli maraqların, qorunması və onun öz yerinin dünya miqyasında tapması istiqamətində ədalətli, prinsipial mövqe tutasınız və bu istiqamətdə başqa televiziya kanallarına da nümunə olasınız. |
|
|
|