BAŞ SƏHİFƏ | ANALİTİK | Ermənistan üçün ciddi xəbərdarlıq (Təhlil)

Ermənistan üçün ciddi xəbərdarlıq (Təhlil)

Şrift ölçüsü: Decrease font Enlarge font

Toronto bəyanatı Azərbaycanın Dağlıq Qarabağa dair siyasətinin dəstəkləndiyini göstərir

İyunun 17-də Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Vasitəçilər həmsədr ölkə başçılarının Torontodakı birgə bəyanatlarında onlara verilən tapşırığa əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünə hazırlıqla bağlı müzakirələr apardılar. Nazirlərin sözügedən görüşünün ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iyulun 16-17-də Almatıda keçiriləcək qeyri-formal toplantısı çərçivəsində təşkil olunması nəzərdə tutulur. Diplomatlar yenilənmiş Madrid prinsipləri ilə bağlı Bakı və İrəvanın mövqelərinin nədən ibarət olduğunu ortaya qoymalıdırlar. Bəzi versiyalara görə, beynəlxalq təşkilatların Qarabağ münaqişəsi məsələsində getdikcə daha obyektiv mövqe tutması Ermənistanın məlum prinsiplərlə manipulyasiya imkanlarını xeyli azaldır. Bu məsələyə Bolqarıstan prezidenti Georgi Pırvanovla görüşən Azərbaycanın dövlət başçısı İlham Əliyev də toxundu. Prezident qeyd etdi ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz təsirini göstərir. Sənəddə Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər də əksini tapır. 

Rusiya, ABŞ və Fransa prezidentlərinin bu günlərdə Kanadanın Toronto şəhərində qəbul etdikləri birgə bəyanat Azərbaycanın Dağlıq Qarabağa dair siyasətinin dəstəkləndiyi anlamına gəlməyə imkan verir. Çünki rəsmi Bakının mövqeyi həmsədr ölkə başçılarının bəyanatında nəzərə alınır. Elə vasitəçilər də regiona səfəri zamanı həm prezidentlərin bəyanatından irəli gələn məsələlər, həm də son günlər atəşkəs reciminin pozulmasının yarada biləcəyi problemlərə ciddi şəkildə toxundular.  
Hələlik Ermənistan tərəfinin addımları Dağlıq Qarabağa dair nizamlanma formulunun tam işə düşməsinə imkan vermir. Bununla belə, Toronto bəyanatı Ermənistan üçün ciddi xəbərdarlıq sayılmalıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı açıq ortadadır və İrəvan bu faktı təhrif etmək iqtidarında deyil. Digər tərəfdən, təhlükəsizlik məqsədilə beynəlxalq sülhməramlı əməliyyatların keçirilmə perspektivi də qarşı tərəfi ciddi narahat edir. Rəsmi Bakı yenilənmiş Madrid prinsiplərinin 3 həmsədr ölkənin dövlət başçısı tərəfindən səsləndirilən bəyanatla üst-üstə düşdüyünü nəzərə alaraq Ermənistanın tezliklə qərar vermək məcburiyyətində qalacağını düşünür. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da hesab edir ki, prezidentlərin Toronto bəyanatı Qarabağ danışıqlarının sürətlənməsinə təkan verəcək.

Erməni tərəfi üçün çətinlik yaradan bir amil də odur ki, onlar son zamanlar apardıqları təbliğat kampaniyası ilə Azərbaycanın hərbi çağırışlarının beynəlxalq səviyyədə pislənilməsinə nail ola bilmədilər. Bu isə o deməkdir ki, hədəfin yayındırılması taktikası bu dəfə iflasa uğradı. Beynəlxalq təşkilatların nümayəndələri də istər prezidentlərin bəyanatına, istərsə də cəbhədə atəşkəs reciminin pozulmasına Sarkisyan iqtidarının gözlədiyi reaksiyanı vermədilər. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya son səfəri zamanı qeyd etdi ki, Avropa İttifaqı məsələləri diqqətlə izləyir və son hadisələr danışıqlar prosesində öz rolunu oynayacaq.
İndi çox məsələlərin həlli Ermənistan rəhbərliyinin iradəsindən kənarda baş verir. Çünki yenilənmiş Madrid prinsipləri ilə bağlı 6 aydan bəri mövqeyini ortaya qoymayan və bununla da Soçi görüşünə vasitəçilik edən Rusiyanın maraqlarına zərbə vuran İrəvanın əvvəlki tək dəstəklənəcəyi gözlənilmir. Problemin ATƏT səviyyəsində müzakirəsi isə qarşı tərəfə heç nə vəd etmir. ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev regional proseslərin münaqişənin tezliklə həllini tələb etdiyini və onun bu məsələnin tənzimlənməsinə maksimum yardımçı olacağını bir daha diqqətə çatdırdı.  
Görünür, beynəlxalq birlik diplomatik davranış qaydalarında ciddi korrektələr edir və Dağlıq Qarabağ kimi münaqişələrin həllində ədalətsiz mövqenin Cənubi Qafqazda tam sabitliyin yaranmasına imkan vermədiyini anlayır. Artıq tanınmış və ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayan televiziya kanalları da münaqişəli məsələlərə dair daha həssas yanaşılmasının vacib olduğu qənaətinə gəliblər. «Euronews» kanalının Rusiya bölümünün təmsilçisi Pyotr Fyodorv da öz açıqlamasında bəzi kanalların məlumatsızlıq ucbatından ciddi münaqişələrlə bağlı səhvlərə yol verdiklərini etiraf edir. O cümlədən, «Euronews» kanalı da.

Xarici işlər naziri Elmar Məmmədyarovun dediyi kimi, “İşğal işğaldır və hamı bunu qəbul edir. Ermənilərin nə istədikləri bilinsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair optimizm artacaq. Əgər ermənilər Qarabağın təcavüzünün qanuniləşdirilməsini istəyirsə, bu istisnadır». Artıq  regionda sülhə nail olunmanın beynəlxalq hüquqdan keçdiyi birmənalı etiraf edilir. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul etməklə bu prosesə öz dəstəyini verir. İrəvandan eşidilən fikirlərdə isə hələ də Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması və bu hüququn reallaşdırılması iddiaları yer alır. 

«1-ci kanal»ın Analitik Qrupu
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az