BAŞ SƏHİFƏ | ANALİTİK | ABŞ seçim etməlidir (Təhlil)

ABŞ seçim etməlidir (Təhlil)

Şrift ölçüsü: Decrease font Enlarge font

Ya geostrateji müttəfiq Türkiyə, ya da başabəla Ermənistan

Ermənistan yenə bildiyini etdi. Ötən il oktyabrın 10-da Sürixdə ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi, İsveçrə və Avropa təşkilatlarının nümayəndələrinin iştirakı ilə imzalanmış sənədlər ratifikasiya edilmədən kənara atıldı. Səbəb: guya Ankara protokolları ratifikasiya etmədən ilkin şərt irəli sürür və bu şərtlər İrəvan üçün qəbuledilməzdir. Söhbət hansı şərtlərdən gedir? Türkiyə Ermənistanla sərhədlərin açılması prosesinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparılmasını təklif edir. Ankaranın sərhədlərin açılması ilə bağlı danışıqlar prosesinə qoşulmasının yeganə səbəbi də məhz Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlıdır. Lakin Ermənistan heç bir əvəz ödənilmədən, geriyə addım atmadan maraqlarını gerçəkləşdirməyə çalışır. Nə işğal olunmuş torpaqları azad edir, nə də Türkiyəyə qarşı iddialarından vaz keçir. Hər zaman olduğu kimi, aqressiv mövqedə dayanaraq dünya birliyinin ona dəstək verməsinə nail olmağa çalışır.

Türkiyə ümidlərini tam itirməyib

Erməni parlamentinin son qərarı beynəlxalq praktikada analoqu olmayan bir addımdır. Parlament səs çoxluğu ilə Türkiyə-Ermənistan protokollarının ratifikasiyası prosedurunun dayandırılması haqqında qərar qəbul edti, üstəlik, 2 ölkə arasındakı münasibətlərin beynəlxalq səviyyədə həll olunması cəhdlərinin sıfıra bərabər olduğunu vurğuladı. Xarici işlər naziri Edvard Nalbandyan parlamentin son toplantısında çıxış edərkən erməni tərəfinin qanunvericilik prinsiplərinə əməl etdiyini, əksinə, Türkiyənin bu prinsipləri pozduğunu bildirdi. Erməni parlamentariləri isə qeyd etdilər ki, “Beynəlxalq müqavilələrə dair qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin qəbulu erməni-türk dialoqu prosesində onların milli maraqlarını müdafiə edəcək. Beləliklə, İrəvan son dövrlər üçün bəlkə də yeganə konstruktiv sayılan prosesdən çıxdı, bölgədə düşmənçilik siyasətini davam etdirdi. Bundan sonra Ermənistan imzaladığı beynəlxalq müqavilələr qüvvəyə minməmişdən, imzasını geri götürə biləcək və belə təşəbbüslə prezidentin, baş nazirin, xarici işlər nazirinin, həmçinin səlahiyyətli idarələrin çıxış etmək ixtiyarı var.
Vəziyyət mənfiyə doğru dəyişsə də, Türkiyə tərəfi ümidlərin tam itirilmədiyi, prosesin dalana dirənmədiyi barədə bəyanatlar verir. Ancaq rəsmi Ankara Ermənistanın ipə-sapa yatmayan hərəkətlərinə baxmayaraq əvvəlki prinsipial mövqeyin dəyişməyəcəyini də bildirir.

Əhməd Davudoğlu: «Erməni-Türk prosesi dalana dirənib»

«Deyə bilmərəm ki, erməni-türk prosesi dayanıb, dalana dirənib. Proses davam edir. Ötən ilin iyulunda da deyirdilər ki, erməni-türk münasibətləri dalana dirənib. Lakin bir aydan sonra, yəni avqustda protokollar imzalandı. Əvəlləki kimi danışıqlar və proses davam edir». Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyir. Ukrayna paytaxtında Serc Sarkisyanla görüşən Türkiyənin xarici işlər naziri hesab edir ki, bu cür təmasların böyük faydası var. Təmaslar davam etdikcə, qarşılıqlı anlaşılmazlıqlar aradan qaldırılır, qarşılıqlı çətinliklər daha asan dərk edilir. Amma Ermənistan parlamentinin son qərarı artıq anlaşılmazlıqların aradan qalxmayacağından xəbər verir və bu baxımdan Türkiyə rəsmilərinin erməni tərəfi ilə danışıqları davam etdirməsinə də heç bir zərurət yoxdur. İndi əsas məsələ beynəlxalq birliyi İrəvanın pozucu addımlar atdığına inandırmaqdan ibarətdir, təbliğatı əsasən bu istiqamətdə qurmaq lazımdır, əks təqdirdə ermənilər Sürix protokollarının yarımçıq qalmasında günahkarın Türkiyə olduğunu sübut etməyə çalışacaq. Necə ki, onların böyük təkidi hesabına martın 4-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma erməni məsələsinin müzakirəsi gözlənilir. Qanun çox güman ki, səsverməyə çıxarılacaq. Onu 130-dan çox konqresmen dəstəkləyir. Sənəddə Amerika xarici siyasətinin qondarma erməni soyqırımı iddialarına həssaslıqla yanaşılması xahiş olunur. Bu prosesin uğurlu heç nə vəd etmədiyi məlumdur, İrəvanın son günlər həddindən artıq azğınlaşmasının səbəblərindən biri də okeanın o tayından xoş xəbər gözləməsi ilə bağlıdır. Türkiyə nəzarəti əldən verməmək üçün adekvat addımlar atmağa məcburdur, Birləşmiş Ştatlara nümayəndə heyətinin göndərilməsi məhz buna xidmət edir. Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komitəsinin sədri Murad Mərcan başda olmaqla 15 nəfərdən ibarət nümayəndə heyətinin məqsədi də Vaşinqtondakı həmkarlarını tarixi hadisəyə siyasi qiymət verməyin düzgün olmadığına inandırmaqdır.
Çoxları Ankara ilə müttəfiqlik münasibətlərinə sahib Vaşinqtonun antitürk qərarlar verəcəyini düşünmür. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə xəbərdarllıq edib. Dövlət katibi bu istiqamətdə veriləcək əks qərarları dəstəkləmədiklərini, türk-erməni probleminin həllinə tərəfdar olduqlarını deyib. Lakin problem həllini tapmır, antitürk qərarları isə Ağ ev deyil, Konqres verir. Baxmayaraq ki, Birləşmiş Ştatların ən yüksək rütbəli nümayəndələri uydurma erməni soyqırımı layihəsinin Vaşinqton-Ankara münasibətlərinə xələl gətirəcəyini deyirlər. Martın 4-də nəzərdə tutulan müzakirələrin bir həyacanı da onunla bağlıdır ki, komitə sonda layihəni Konqresin ümumi iclasına təqdim edə bilər. O zaman Ermənistanla hər hansı məsələdə uzlaşmaq tamamilə mümkünsüz olacaq. Bu da aprelin 24-ə qədər olan müddətdə Türkiyə əleyhinə fəal kampaniyanın aparılmasını şərtləndirə bilər. Deməli, protokolların ratifikasiyasının dayandırılmasından sonra ABŞ sözügedən məsələdə seçim etməlidir: bir tərəfdə regional iqtisadi layihələrdə tərəfdaş, geostrateci məsələlərdə müttəfiq olan Türkiyə, digər tərəfdə isə dünya düzənini uzun illərdən bəri pozan və bu zaman heç bir təzyiqlə üzləşməyən başabəla Ermənistan... Son söz Amerika strateqlərinindir, strateqlər isə heç vaxt səhv etmirlər.

«1-ci kanal»ın Analitik Qrupu

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az