İctimai Televiziya və Radio Yayımları Şirkəti: Gələn ildən Azərbaycanda Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin tətbiqinə başlanacaq Gələn ildən Azərbaycanda Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin tətbiqinə başlanacaq ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 Bunu Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyən Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Yonq Huan Çunq Xəzər dənizi üzərindən inşa ediləcək körpünün də Koreya şirkətləri tərəfindən həyata keçiriləcəyini bildirib. Cənubi Koreya Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Bunu deyən Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Yonq Huan Çunq Bakıya Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin dəvəti ilə səfər etdiyini və başçılıq etdiyi nümayəndə heyətin bir sıra işgüzar görüşlər keçirdiyini vurğuladı. Yonq Huan Çunq: Azərbaycan prezidenti ilə görüşümdə ona Koreya prezidentinin səfər dəvətini çatdırdım. Çalışacağıq ki, ölkələr arasında əlaqələri gücləndirmək üçün dövlət başçılarının qarşılıqlı səfərlərinin təşkilini sürətləndirək. «Bakı körfəzi dəniz körpüsü Layihəsi»nin layihə sənədlərinin hazırlanması üçün 1 milyon 600 min dollar dəyərində qrant sazişi imzalandığını bildirən nazir Bayıldan Zığadək körpünün nə vaxt tikiləcəyinin hələlik məlum olmadığını dedi. Yonq Huan Çunq qeyd etdi ki, hazırda Koreya şirkətləri Azərbaycanda avtobuslarla təchizat, Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sisteminin yaradılması və digər layihələrdə də iştirak edir. Yonq Huan Çunq: Ötən ildən başlanmış Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi üçün mərkəzin tikintisi prosesi uğurla davam etdirilir. Mərkəz 2011-ci ilin aprel ayında istifadəyə veriləcək. Nazir regional bazarın təhlil olunduğunu və müvafiq nəticələr əldə olunarsa, Koreya şirkətlərinin Azərbaycanda avtomobil istehsalına başlaya biləcəyini də istisna etmədi. Koreyalı nazir hazırda üzərində iş aparılan layihələrdən birinin də Azərbaycanın mövcud dəmir yolunun təkmilləşdirilməsi və sürətin artırılması ilə bağlı olduğunu qeyd etdi.