Eurovision Mahnı Müsabiqəsi - 2012 milli seçim qaydaları
Bu Qaydalar Beynəlxalq “Eurovision Mahnı Müsabiqəsi Qaydaları”nın müddəları çərçivəsində Azərbaycan təmsilçisinin “Eurovision Mahnı Müsabiqəsi-2012”də iştirak etməsi üçün Milli Seçimin keçirilməsi prosedurunu tənzim edir.
Düsseldorfda keçirilmiş "Eurovision Mahnı Müsabiqəsi-2011"in qalibi olmuş Azərbaycan növbəti müsabiqəyə ev sahibliyi hüququ qazanmışdır.
"Eurovision Mahnı Müsabiqəsi-2012" 22, 24, 26 may tarixlərində Bakıda keçiriləcəkdir.
1. Ümumi müddəalar
“Eurovision Mahnı Müsabiqəsi-2012” (bundan sonra EMM-2012) dünya miqyasında tanınmış müasir televiziya məhsuludur. Müsabiqənin şərtinə uyğun olaraq burada Avropa Yayımları Birliyinə fəal üzv olan televiziyaların təmsil olunduğu ölkənin iştirakçıları musiqi nömrələri ilə yarışırlar.
Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (bundan sonra Təşkilatçı) “Eurovision Mahnı Müsabiqəsi-2012”in (EMM) iştirakçı–yayımçısıdır, milli təmsilçisini seçən və Azərbaycanın "EMM-2012"-də ifa edəcəyi mahnını müəyyənləşdirən təşkilatdır.
Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision Mahnı Müsabiqəsi-2012”in iştirakçısı olaraq Avropa Yayımları Birliyinin (AYM) və EMM-2012-in tələblərinə uyğun şəkildə "EMM-2012"yə hazırlıq prosesinə, milli təmsilçinin seçilməsinə məsuldur.
“EMM-2012”ə hazırlıq məqsədilə təşkilatçı yerli və (və ya) xarici nümayəndələrdən ibarət Təşkilat komitəsi yaradır. Təşkilat komitəsi milli seçim turunun həyata keçirilməsinə görə məsuliyyət daşıyan orqandır. Təşkilatçı və Təşkilat Komitəsi fəaliyyəti ilə bağlı yerli və xarici hüquqi, fiziki şəxsləri mütəxəssis və məsləhətçi qismində cəlb edə bilər.
Milli seçim turuna dair məlumatlar, münsiflər heyətinin qərarı, seçimin nəticələrinə dair informasiyalar müsabiqə barədə məlumat yaymağa razılıq verən istənilən kütləvi informasiya vasitəsində yayıla, eləcə də internet səhifələrində yerləşdirilə bilər.
“EMM-2012”-də iştirakı barədə informasiya yayan əsas mənbə İctimai Televiziyanın internet saytında (www.itv.az) yerləşdirilən və Azərbaycanın “EMM-2012”də iştirakına həsr olunan səhifədir. Burada müsabiqəyə aid hesabatlar və digər informasiyalar öz əksini tapacaq. İnformasiyalar həmçinin “EMM-2012”-un rəsmi saytında da əks olunur. (www.eurovision.tv)
2. Azərbaycanın “EMM-2012”-də iştirakı üçün təmsilçinin və mahnının milli seçimin keçirilmə şərtləri və müddəti
2.1 Təşkilatçı “EMM-2012”-nin yayımçı-iştirakçısı olaraq Azərbaycanı bu müsabiqədə təmsil edəcək müğənnini, seçim prosedurunu, eləcə də mahnının ifa olunacaq dilini müəyyənləşdirməkdə tam müstəqildir.
2.2 Təşkilatçı “EMM-2012”-də iştirak edəcək milli təmsiçisini seçmək məqsədilə televiziya, stenoqrafiya, vokal sənəti, şou-biznes idarəçiliyi sahəsində peşəkarlığı ilə seçilən tanınmış musiqiçilərdən, eləcə də Azərbaycanın və dünyanın ictimai və mədəniyyət xadimlərindən ibarət münsiflər heyətini formalaşdırır.
Münsiflər heyəti 7 nəfər üzvdən və 1 səsvermə katibindən ibarətdir. Münsiflər heyətinin sədri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur. Münsiflər heyətinin katibi səsvermə hüququna malik deyildir.
Münsiflər heyətinin hər bir üzvü ifa edilən hər mahnının sonunda onu dərhal qiymətləndirir (1-10 bal sistemi ilə), verdiyi qiyməti gizli səsvermə üçün paylanmış blanka qeyd edir və həmin blankı Münsiflər heyətinin sədrinə verir.
Münsiflər heyətinin sədri səslərin hesablanmasına və iştirakçının tutduğu yerin müəyyən olunmasına cavabdehdir.
Münsiflər heyətinin üzvlərinə kənar təsirlərin qarşını almaq üçün onların adları Milli Seçimin Final mərhələsinədək ictimaiyyətə açıqlanmır. Münsiflər heyətinin üzvləri ödənişsiz fəaliyyət göstərir. Peşəkar münsiflər heyətinin üzvləri bərabərhüquqludur.Münsiflər heyətinin hər bir üzvü bir səsə malikdir. Münsiflər heyətinin qərarı sadə səsçoxluğu ilə qəbul olunur.
2.3 Milli Seçim proseduru
• Birinci mərhələdə Təşkilat Komitəsi sənəd qəbulu elan edir. Sənədlərin qəbulu mərhələsində yaşı 16-dan az olmayan Azərbaycan və digər ölkə vətəndaşları iştirak edə bilər.
• İkinci mərhələdə sənəd təqdim edən şəxslər ilkin dinləmədən keçir. Münsiflər heyəti Milli seçimin ilk turunda iştirak edəcək ifaçıları müəyyən edir. Münsiflər heyəti sadə səs çoxluğu ilə 100 nəfərədək ifaçı seçir və həmin ifaçılar “EMM-2012”də ölkəni təmsil etmək uğrunda yarışır.
• Üçüncü mərhələdə yarışmaçılar hər birində 15 nəfərdən çox olmayaraq ayrı-ayrı qrupa bölünür. Hər bir qrup həftə ərzində İctimai Televiziyada təşkil olunan canlı efirdə öz performanslarnı təqdim edir. Yarışmaçılar həftə ərzində günlərə uyğun olaraq dünya xitləri, Azərbaycan estradasından nümunələr, Eurovision xitləri, xalq mahnıları və rəqs nümunələri təqdim edir. Həftə ərzində gedən səsvermənin nəticəsində qalib olan növbəti mərhələyə vəsiqə qazanır. Seçim telesəsvermə (sms və sabit xətt nömrələrindən) və münsiflərin səsverməsi əsasında müəyyən edilir. İştirakçıların sms və sabit xətt nömrələri həftə ərzində daim aktiv olur.
• Yarım Final mərhələsi. Bu mərhələdə ayrı-ayrı həftələrin qalibləri yarışır. Yuxarıda qeyd olunan seçim prinsipi əasasında (50 % Telesəsvermə + 50% Münsiflər heyəti səsverməsi) 5 nəfərədək ifaçı seçilərək Finala vəsiqə qazanır.
• Milli seçimin Finalında Münsiflər heyəti sadə səsvermə yolu ilə “Eurovision-2012” üçün Azərbaycan təmsilçisini seçir. Finalda həmçinin fors-major halında təmsilçini əvəz edə biləcək ehtiyat ifaçı da seçilir. Milli seçimin Final mərhələsi qalibin adının elan olunması ilə bitmiş hesab edilir.
Yuxarıda qeyd olunan hər bir mərhələnin tarixi barədə iştirakçılara əvvəlcədən elan olunur.
“Eurovision Mahnı Müsabiqəsi-2012”də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı 1 mart 2012-ci ilədək münsiflər heyətinin səsverməsi əsasında müəyyən ediləcəkdir.
Təşkilatçı və ya onun nümayəndəsi Milli Seçimin qalibi ilə əməkdaşlıq, eyni zamanda “Eurovision-2012”də Azərbaycanın iştirakı ilə bağlı hazırlıq çərçivəsində qarşılıqlı münasibətləri tənzimləyən müqavilə imzalayır.
Təşkilatçı, Təşkilat Komitəsi, Münsiflər heyəti və ya təmsilçinin ifa olunan mahnıya hər hansı iradı olarsa, mahnı martın 20-dək dəyişdirilə bilər.
3. Təqdim olunan mahnıya, müəllifə və ifaçıya qoyulan tələblər
3.1. Müsabiqədə ifa olunan mahnı 1 oktyabr 2011-ci ilə qədər müəllif hüquqlarının obyekti kimi aşağıdakı formalarda realizə edilməməlidir:
a) İnternet vasitəsilə habelə sair daşıyıcılarda (audiokaset, kompakt disk, mini disk və s.);
b) radio və ya televiziya efirində yayımlanmamalı, habelə kütləvi ifa edilməməlidir.
3.2 Mahnının maksimal müddəti–3 dəqiqədir.
3.3 Müsabiqədə iştiraka musiqisi və sözləri üzərində müstəsna müəllif hüquqlarının olmasına təminat verilən, o cümlədən əvvəllər heç bir kommersiya məqsədləri üçün istifadə olunmamasına dair müəllifin ərizəsi olan mahnılar buraxılır.
3.4 “EMM-2012”də təqdim olunacaq mahnının sözləri və musiqisi həm milli, həm də xarici müəlliflər tərəfindən yazıla bilər. Mahnının söz və musiqinin müəllifləri söz və musiqiyə hüquqlarını təsdiq etməli və müqavilə əsasında onları müsabiqə təşkilatçılarına verməlidirlər.
3.5 Mahnının mətni və/və ya ifası müsabiqənin nüfuzuna xələl gətirməməlidir. Mahnının mətnində nalayiq sözlərdən, reklam və siyasi xarakterli çağırışlardan və işarələrdən istafadə etmək qadağandır.
Müəllif və ifaçılara aid tələblər:
3.6 “Eurovision Mahnı Müsabiqəsi–2012” (may 2012) –da iştirak üçün yaşı 16-dan az olmayan ifaçılar buraxılır. Bu qayda mahnının ifasını rəqs ilə müşaiyət edən kollektivə də aiddir.
3.7 Səhnədə artistlərin sayı altı nəfərdən çox olmamalıdır.
3.8 İfaçılar səhnədə mahnını yazılmış instrumental fonoqram (minus vokal) müşaiyətilə canlı ifa edirlər. Fonoqramda heç bir vokal ifa, o cümlədən insan səsinin instrumental imitasiyası olmamalıdır.
3.9 Müsabiqədə birinci və ikinci yerləri tutan ifaçılar, o cümlədən onların ifa etdikləri mahnıların müəllifləri müsabiqə bitdikdən sonra öhdəliklərinə düşən məsələləri qəbul etməlidirlər. Onlar Avropa Yayımları Birliyinə aşağıdakı hüquqları verməlidirlər:
a) “nümayiş hüququ”, yəni dünyada ekskluziv olaraq, vaxta məhdudiyyət olmadan “EMM-2012”-nin beynəlxalq nümayişi, o cümlədən canlı və yazılı şəkildə onun yayımı və internet şəbəkəsində qeyri-məhdud, tam və yaxud hissə ilə yerləşdirilməsi;
b) “ilkin baxış hüquqları”, yəni mahnının tam və yaxud hissəvi səs və videogörüntülərini bütün dünyada televiziya, internet və yaxud simsiz rabitə vasitəsilə eksklüziv təqdim olunması;
c) “kompilyasiyalı kompakt disk və DVD-nın yaradılması üçün hüquqlar ” yəni, bütün dünyada seçilmiş mahnının və onun ifasının 2012-cu ilin digər mahnılarının yazıları ilə bir yerdə audio və videoyazıların DVD-də (və ya buna bənzər daşıyıcıda) satış məqsədilə istehsalı;
d) “Fraqmentar istifadə hüququ”, yəni bütün dünya üzrə, zaman məhdudiyyəti olmadan, mahnı ifasının audio və video yazısının translyasiyasının "Eurovision-2012"də beynəlxalq müsabiqəsinin hissəsi kimi tam şəkildə və ya hissə-hissə istənilən media xidmədinə daxil etmək üçün qeyri-eksklüziv hüquq.
e) ”Milli seçim turunun hissələri üçün hüquq”; yəni bütün dünya üzrə, zaman məhdudiyyəti olmadan, mahnı ifasının translyasiyasının hissələrinin tam şəkildə və ya hissə-hissə AYB adından mərkəzləşmiş şəkildə aparılan istənilən verilişə daxil etmək üçün qeyri-eksklüziv hüquq.
Hüquqlardan başqa, sözlərin və musiqinin müəllifləri, həmçinin seçilmiş mahnının hüququ sahibkarları təşkilatçılara istifadə etməyə icazə veriblər:
a) Mahnının sözləri: Mahnının müəllifi sözlərin surətini çıxarmaq üçün, hətta ingilis, fransız və digər iştirakçı ölkələrin dillərinə tərcümə olunması üçün icazə verməlidir. Belə ki, müsabiqədə informasiya AYB-də pulsuz istifadə olunacaq.
b) İştirakçılara və digər sahiblərə icazə verilir: adlarının çap olunması, yayılması, görüntü, səs, şəkil və tərcümeyi-hal, "Eurovision-2012"nin yarımfinalı və finalı üçün canlı yayım və kommersiya istifadəsi və kütləvi informasiya vasitələrindən istifadə
v) Karaoke - onlayn-yarışma: Söz və musiqi müəllifləri yarışmada iştirak edənlərə müdaxilə edə bilməzlər. Onlar ictimaiyyətə audiovizual yazıları qeyri- kommersiya şərtləri əsasında təqdim etməyə, eləcə də, dünya üzrə sayına və vaxtına məhdudiyyət qoyulmadan və istənilən texniki vasitələrlə yayımına icazə verməlidirlər.
4. Yekun müddəalar
4.1. Sponsorluq üçün müqavilələrin imzalanması, efirə verilmə, Konsertin kompilyasiyası və hazırlanmasına dair digər bütün hüquqlar və onların gələcəkdə istifadəsi müstəsna şəkildə
Təşkilatçıya aiddir.
4.2. Təşkilatçı “EMM-2012”-da nümayəndəsini müəyyənləşdirmək məqsədilə milli seçimin Avropa Yayım Birliyinin tələbləri və qaydaları əsasında keçirməyi öz öhdəliyinə götürür.
4.3. Finalçı müəyyənləşdikdən sonra Təşkilat Komitəsi nümayəndənin müsabiqədə iştirakçı-ölkələrə qastrol promo-tur təşkil etməli, müxtəlif konsert aksiya və tədbirlərininin təşkilinə yardım etməli, promo-paketin və kostyumların hazırlanması, konsert nömrələrinin, mahnının və s. təkmilləşdirilməsi ilə məşğul olmalıdır.
4.4. Rəsmi nümayəndə və ehtiyatda olan ifaçı layihənin təşklatçısı ilə əməkdaşlıq barədə müqavilə imzalamalı və həmin müqavilə “Eurovision Mahnı Müsabiqəsi”nin beynəlxalq qaydalarına müvafiq şəkildə təşkilatçı tərəfindən tərtib olunmalıdır.
4.5. Seçilmiş ifaçı “EMM-2012”-də iştirak üçün hazırlaşdırıldığı müddətdə Təşkilat Komitəsinin icazəsi olmadan üçüncü tərəflərlə (prodüser təşkilatları, nümayəndələr, digər təşkilat və şəxslərlə) əməkdaşlıq edə bilməz.
4.6. Milli seçimlə əlaqədar planlaşdırılmış bütün tədbirlərin həyata keçirilməsindən sonra rəsmi nümayəndə müsabiqədə iştirak edirdi. Rəsmi nümayəndənin ehtiyatda olan ifaçı ilə əvəz olunması müstəsna hallarda mümkündür.
Bu barədə qərarı Təşkilatçı qəbul edir.
Qaydalar İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun 09 oktyabr 2011-ci il tarixli 14 saylı Sərəncamı ilə təsdiq edilmişdir.
-
17 May, 2012
Pakistandakı bir sıra xarici dövlətlərin səfirlikləri təhdidlə dolu məktub alıb -
17 May, 2012
«Birləşən körpülər» layihəsi həm Bakı sakinləri, həm də əcnəbi qonaqların ixtiyarına verilib -
17 May, 2012
«Music Messe 2012» beynəlxalq musiqi alətləri sərgisində Azərbaycanda istehsal olunan «Beltmann» markalı piano nümayiş edilib -
17 May, 2012
ABŞ-da 18 aylıq uşaq terrorçu elan edilib -
17 May, 2012
Kann festivalının açılışında ilk olaraq Amerika rejissoru Ues Andersonun filmi nümayiş etdirilib -
17 May, 2012
Albaniya təmsilçisi "Bakı Kristal Zalı"nda (Video) -
17 May, 2012
Mətbuat nümayəndələri və fanlar yarımfinalların təmsilçilərinə səs verir (Cədvəl) -
17 May, 2012
Xaçmazda kitab bayramı keçirilib






