BAŞ SƏHİFƏ | EUROVISION MAHNI MÜSABİQƏSİ - 2010 | Safura Əlizadə: “Yüksək nəticə qazanacağıma inanıram” - "Fotosessiya"

Safura Əlizadə: “Yüksək nəticə qazanacağıma inanıram” - "Fotosessiya"

Şrift ölçüsü: Decrease font Enlarge font

Eurovision Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin mətbuat konfransı keçirilib

İtv.az  xəbər verir ki, Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək Safura Əlizadənin bu gün KİV nümayəndələri ilə görüşü keçirilib. 
Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək üçün əlindən gələni edəcəyini vurğulayan Safura Əlizadə belə bir məsuliyyətli işin məhz ona həvalə olunmasından çox sevindiyini deyib: “Təmsilçi seçildiyimi biləndə çox sevindim. Bu cür məsuliyyətli bir işin məhz mənə həvalə olunması çox sevindiricidir. Mən özümə inanıram. Bunu hətta bu müsabiqənin milli seçimlərinə qatılanda da özüm üçün dəqiqləşdirmişdim. Gücümü Osloda bütün Avropa tamaşaçılarına göstərəcəyəm”. 

“Qayıtdıqdan sonra məni alqışlarla qaşırlayacaqsınız”

Tapşırıqla seçilməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirən S.Əlizadə deyib ki, bütün bunlar həqiqətə uyğun deyil: “Mən öz gücümlə bu səviyyəyə gəlib çatmışam. Bundan sonra da öz gücümə əminəm və yüksək nəticə qazanacağıma inanıram”.
“Müsabiqədə saksafonla çıxış edəcəksiniz?”,-sualına cavabında təmsilçi bunun seçiləcək mahnıdan asılı olacağını söyləyib: “Osloda ifa olunacaq mahnı saksafona uyğun olsa, o zaman saksafonla səhnəyə çıxacağam. Qarşıya qoyulan məqsədə çatmaq üçün ən çətin yola hazıram. Əminəm ki, yüksək nəticə əldə edəcəyəm və artıq qayıtdıqdan sonra məni alqışlarla qaşırlayacaqsınız”. 
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Eurovision müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli də seçimin qeyri obyektiv aparılması ilə bağlı yayılan şayələrin həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bu cür şaələrin heç bir əsası yoxdur. Onsuzda müsabiqənin təşkilatçısı kimi bizim istənilən ifaçını təyin edib müsabiqəyə göndərmək hüququmuz var. Bu təcrübədən bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə istifadə olunur. Amma biz professional münsiflərin iştirakı ilə, ictimaiyyətə tam açıq və obyektiv  formada seçim apararaq ən yaxşı ifaçının seçilməyini üstün tutduq”.

“Yerli bəstəkarlar tərəfindən heç bir mahnı təqdim edilməyib”

Safura Əlizadənin ifa edəcəyi mahnıya gəlincə, A.Kərimli deyib ki, martın 18-ə qədər əcnəbi müğənnilər tərəfindən yazılmış 4 mahnı arasından biri seçiləcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, müsabiqədəki təmsilçinin ifa etməsi üçün yerli bəstəkarlar tərəfindən heç bir mahnı təqdim edilməyib. “Sözsüz ki, bu hal heç də qənaətbəxş hal deyil, ancaq ötən ilki kimi, bu ildə Azərbaycan təmsilçisi əcnəbi bəstəkarın mahnısını oxuyacaq. Bu hal Azərbaycan bəstəkarlıq məktəbi ilə bağlı heç də tərəddüd yaratmayacaq. Çünki 2008-ci ildə biz öz bəstəkarımızın mahnısı ilə yüksək səviyyədə təmsil olunduq və dünyaya sübut etdik”,-deyə A.Kərimli bildirib. 
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ötən il Aysel Teymurzadənin duet ortağı Araşla birgə elə Araşın mahnısının ifa olunması ilə bağlı ilk məlumat da yerli əhali tərəfindən aqressivliklə qarşılanmışdı: “2009-cu ildə də biz Araşın mahnısının ifa olunacağını açıqlayanda, mütəxəssislər, tamaşaçılar bu halı birmənalı qarşılamadılar. Hətta bu mahnıya görə aqressiv açıqlamalar da verənlər oldu. Ancaq əldə etdiyimiz uğurdan sonra artıq hamı mahnının mükəmməl olduğunu bildirdi və bizi alqışlarla qarşıladılar. Bu il də belə olacağına əminik”. 

“Bütün KİV-lər təmsilçimizin təbliğatı kampaniyasına qoşulmalıdır”

Adil Kərimlinin sözlərinə görə, artıq sabahdan Səfurə ciddi hazırlığa başlayır və bu hazırlıq prosesində istirahət olmayacaq: “Səfurə müsabiqəyə hazırlıq məqsədi ilə sabah İsveçə gedəcək. Təmsilçimizin mahnı yazılışı İsveçdə aparılacaq. Daha sonra isə onun digər hazırlıq prosesinin Ukraynada həyata keçirilməsi gözlənilir. Hər il olduğu kimi, bu ildə müsabiqədə yüksək səviyyədə təmsil olunması üçün ən yaxşı şirkətlərlə əməkdaşlıq edəcəyik”.
Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov isə bildirdi ki, bütün KİV-lər təmsilçimizin yüksək səviyyədə təbliğatı kampaniyasına qoşulmalıdır. O, bildirib ki, təşkilat komitəsi təmsilçimizin ən yüksək səviyyədə müsabiqəyə hazırlanması üçün lazım olan bütün işləri görəcək. 

itv.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az