EUROVİSİON MAHNI MÜSABİQƏSİ 2010 MİLLİ SEÇİM QAYDALARI
Bu Qaydalar Beynəlxalq “Eurovision Mahnı Müsabiqəsi-2010 Qaydaları”nın müddəları çərçivəsində Azərbaycan təmsilçisinin “Eurovision Mahnı Müsabiqəsi-2010-da iştirak etməsi üçün Milli Seçimin keçirilməsi prosedurunu tənzim edir.
1. Ümumi müddəalar
“Eurovision Mahnı Müsabiqəsi-2010 (bundan sonra EMM-2010) dünya miqyasında tanınmış müasir televiziya məhsuludur ki, həmin müsabiqənin şərtinə uyğun olaraq burada Avropa Yayımlar Birliyinə Fəal üzv olan televiziyaların təmsil olunduğu ölkənin iştirakçıları musiqi nömrələri ilə yarışırlar.
Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (bundan sonra Təşkilatçı) Eurovision Mahnı Müsabiqəsi-2010-un (EMM) iştirakçı–yayımçısıdır və Milli təmsilçisini seçən və Azərbaycanın EMM-2010-da ifa edəcəyi mahnını müəyyənləşdirən təşkilatdır.
Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision Mahnı Müsabiqəsi-2010”-un iştirakçısı olaraq Avropa Yayımlar Birliyinin (AYM) və EMM-2010-un tələblərinə uyğun şəkildə EMM-2010-a hazırlıq prosesinə və Milli təmsilçinin seçilməsinə görə məsuldur.
EMM-2010-a hazırlıq məqsədilə təşkilatçı yerli və xarici nümayəndələrdən ibarət Təşkilat komitəsi yaradır. Təşkilat komitəsi milli seçim turunun həyata keçirilməsinə görə məsuliyyət daşıyan orqandır. Təşkilatçı və Təşkilat Komitəsi fəaliyyəti ilə bağlı yerli və xarici hüquqi və fiziki şəxsləri mütəxəssis və məsləhətçi qismində cəlb edə bilər.
Milli seçim turuna dair məlumatlar, münsiflər heyətinin qərarı, seçimin nəticələrinə dair informasiyalar müsabiqə barədə məlumat yaymağa razılıq verən istənilən kütləvi informasiya vasitəsində yayıla və eləcə də Internet səhifələrində yerləşdirilə bilər.
EMM-2010-da iştirakı barədə informasiya yayan əsas mənbə İctimai Televiziyanın İnternet saytında (www.itv.az) yerləşdirilən və Azərbaycanın EMM-2010-a iştirakına həsr olunduğu səhifədir. Burada müsabiqəyə aid hesabatlar və digər informasiyalar öz əksini tapacaq. Informasiyalar, həmçinin EMM-2010-un rəsmi saytında da əks olunur. (www.eurovision.tv)
2. Azərbaycanın EMM-2010-da iştirakı üçün təmsilçinin və mahnının Milli Seçimin keçirilmə şərtləri və müddəti
2.1 Təşkilatçı EMM-2010-un yayımçı-iştirakçısı olaraq Azərbaycanı bu müsabiqədə təmsil edəcək müğənnini, seçim prosedurunu, eləcə də mahnının ifa olunacaq dilini müəyyənləşdirməkdə tam müstəqildir.
2.2 Təşkilatçı EMM-2010-da iştirak edəcək milli təmsiçisini seçmək məqsədilə televiziya, stenoqrafiya, vokal sənəti, şou-biznes idarəçiliyi sahəsində peşəkarlığı ilə seçilən tanınmış musiqiçilərdən, eləcə də Azərbaycanın və dünyanın ictimai və mədəniyyət xadimlərindən ibarət münsiflər heyətini formalaşdırır.
Münsiflər heyəti 7 nəfər üzvdən və 1 səsvermə katibindən ibarətdir. Münsiflər heyətinin sədri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur. Münsiflər heyətinin katibi səsvermə hüququna malik deyildir.
Münsiflər heyətinin hər bir üzvü ifa edilən hər mahnının sonunda onu dərhal qiymətləndirir (1-10 bal sistemi ilə), verdiyi qiyməti gizli səsvermə üçün paylanmış blanka qeyd edir və həmin blankı Münsiflər heyətinin sədrinə verir.
Münsiflər heyətinin sədri səslərin hesablanmasına və iştirakçının tutduğu yerin müəyyən olunmasına cavabdehdir. Bal çoxluğu toplayan iştirakçı birici yeri tutaraq 25-29 may 2010-ci ildə Osloda (Norveç) keçiriləcək Eurovision Mahnı Müsabiqəsində ölkəni təmsil etməyə layiq görülür.
Səsvermənin ələ alınmasının qarşını almaq üçün münsiflər heyətinin üzvləri ödənişsiz fəaliyyət göstərir. Münsiflər heyətinin hər bir üzvü bir səsə malikdir. Peşəkar münsiflər heyətinin üzvləri bərabərhüquqludur. Münsiflər heyətinin qərarı sadə səsçoxluğu ilə qəbul olunur.
2.3 Milli seçim üç mərhələdən ibarətdir.
Birinci mərhələdə (1 Oktyabr-30 Dekabr 2009-ci il) təşkilatçı azərbaycanlı ifaçıları dinləməyə və konsert proqramlarına dəvət edir. Bu mərhələdə Münsiflər heyəti Milli seçimin növbəti turu üçün ifaçıları seçirlər.
Ikinci mərhələdə (Yanvar 2010-cu il) Təşkilatçı, Təşkilat Komitəsi və Münsiflər heyəti studiyalar üzrə konsert proqramlarındakı dinləmələrdə ifaçılarla fəal iş aparırlar. Ikinci mərhələnin sonunda Münsiflər heyəti sadə səs çoxluğu ilə növbəti mərhələ üçün 3 nəfərədək ifaçı seçir və həmin ifaçılar EMM-2010-da ölkəni təmsil etmək uğrunda yarışırlar.
Üçüncü mərhələ (02 Fevral 2010) -Milli seçimin yarımfinal mərhələsi. Milli seçimin yarımfinal mərhələsində Təşkilat, Təşkilat komitəsi və Münsiflər heyəti üçədək finalçını seçir. Sonra onlar üçün yüksək peşəkarlığa malik xarici və yerli mütəxəssislərin əlavə təlimlərini təşkil etməklə onları fəal hazırlığa cəlb edirlər. Məhz bu mərhələdə ifaçılar üçün onların final konsertdə ifa edə biləcəyi mahnılar seçilir.
Milli seçimin finalı 2010-cu il mart ayının 1dək həyata keçiriləcək. Milli seçimin finalında Eurovision-2010 üçün Azərbaycan təmsilçisi Münsiflər heyəti tərəfindən sadə səsvermə yolu ilə seçilir.
Finalda həmçinin fors-major halında təmsilçini əvəz edə biləcək ehtiyat ifaçı da seçilir. Milli seçimin Final mərhələsi qalibin adının elan olunmsı ilə bitmiş hesab olunur.
Təşkilatçı və ya onun nümayəndəsi milli seçimin qalibi ilə əməkdaşlıq, eyni zamanda Eurovision-2010-da Azərbaycanın iştirakı ilə bağlı hazırlıq çərçivəsində qarşılıqlı münasibətləri tənzimləyən razılıq sənədi imzalayır.
Təşkilatçı, Təşkilat Komitəsi, Münsiflər heyəti və ya təmsilçinin ifa olunan mahnıya hər hansı iradı olarsa, mahnı 2010-c il Martın 20-dək dəyişdirilə bilər.
3. Təqdim olunan mahnıya, müəllifə və ifaçıya qoyulan tələblər.
Təqdim olunan mahnıya, müəllifə və ifaçıya qoyulan tələblər
3.1. Müsabiqədə ifa olunan mahnı 1 oktyabr 2009-ci ilə qədər müəllif hüquqlarının obyekti kimi aşağıdakı formalarda realizə edilməməlidir:
a) İnternet vasitəsilə habelə sair daşıyıcılarda (audiokaset, kompakt disk, mini disk və s.);
b) radio və ya televiziya efirində yayımlanmamalı, habelə kütləvi ifa edilməməlidir.
3.2 Mahnının maksimal müddəti – üç dəqiqədir.
3.3 Müsabiqədə iştiraka musiqisi və sözləri üzərində müstəsna müəllif hüquqlarının olmasına təminat verilən, o cümlədən əvvəllər heç bir kommersiya məqsədləri üçün istifadə olunmamasına dair müəllifin ərizəsi olan mahnılar buraxılır.
3.4 EMM-2010-də təqdim olunacaq mahnının sözləri və musiqisi həm milli, həm də xarici müəlliflər tərəfindən yazıla bilər. Mahnının söz və musiqinin müəllifləri söz və musiqiyə hüquqlarını təsdiq etməli və müqavilə əsasında onları müsabiqə təşkilatçılarına verməlidirlər.
3.5 Mahnının mətni və/və ya ifası müsabiqənin nüfuzuna xələl gətirməməlidir. Mahnının mətnində nalayiq sözlərdən, reklam və siyasi xarakterli çağırışlardan istafadə etmək qadağandır.
Müəllif və ifaçılara aid tələblər
3.6 Evrovision Mahnı Müsabiqəsi – 2010 (may 2010) –da iştirak üçün yaşı 16-dan az olmayan ifaçılar buraxılır. Bu qayda mahnının ifasını rəqs ilə müşaiyət edən kollektivə də aiddir.
3.7 Səhnədə artistlərin sayı altı nəfərdən çox olmamalıdır.
3.8 İfaçılar səhnədə mahnını yazılmış instrumental fonoqram (minus vokal) müşaiyətilə canlı ifa edirlər. Fonoqramda heç bir vokal ifa, o cümlədən insan səsinin instrumental imitasiyası olmamalıdır.
3.9 Müsabiqədə birinci və ikinci yerləri tutan ifaçılar, o cümlədən onların ifa etdikləri mahnıların müəllifləri Müsabiqə bitdikdən sonra öhdəliklərinə düşən məsələləri qəbul etməlidirlər. Onlar Avropa Yayımları Birliyinə aşağıdakı hüquqları verməlidirlər:
a) “nümayiş hüququ”, yəni dünyada ekskluziv olaraq, vaxta məhdudiyyət olmadan EMM-2010-un beynəlxalq nümayişi, o cümlədən canlı və yazılı şəkildə onun yayımı və internet şəbəkəsində qeyri-məhdud, tam və yaxud hissə ilə yerləşdirilməsi;
b) “ilkin baxış hüquqları”, yəni mahnının tam və yaxud hissəvi səs və videogörüntülərini bütün dünyada televiziya, internet və yaxud simsiz rabitə vasitəsilə eksklüziv təqdim olunması;
c) “kompilyasiyalı kompakt disk və DVD-nın yaradılması üçün hüquqlar ” yəni, bütün dünyada seçilmiş mahnının və onun ifasının 2010-cu ilin digər mahnılarının yazıları ilə bir yerdə audio və videoyazıların DVD-də (və ya buna bənzər daşıyıcıda) satış məqsədilə istehsalı;
d) “Fraqmentar istifadə hüququ”, yəni bütün dünya üzrə, zaman məhdudiyyəti olmadan, mahnı ifasının audio və video yazısının translyasiyasının Eurovision-2010-da beynəlxalq müsabiqəsinin hissəsi kimi tam şəkildə və ya hissə-hissə istənilən media xidmədinə daxil etmək üçün qeyri-eksklüziv hüquq.
e) ”Milli seçim turunun hissələri üçün hüquq”; yəni bütün dünya üzrə, zaman məhdudiyyəti olmadan, mahnı ifasının translyasiyasının hissələrinin tam şəkildə və ya hissə-hissə AYB adından mərkəzləşmiş şəkildə aparılan istənilən verilişə daxil etmək üçün qeyri-eksklüziv hüquq.
Hüquqlardan başqa, sözlərin və musiqinin müəllifləri, həmçinin seçilmiş mahnının hüququ sahibkarları təşkilatçılara istifadə etməyə icazə veriblər:
a) Mahnının sözləri: Mahnının müəllifi sözlərin surətini çıxarmaq üçün, hətta ingilis, fransız və digər iştirakçı ölkələrin dillərinə tərcümə olunması üçün icazə verməlidir. Belə ki, müsabiqədə informasiya AYB-də pulsuz istifadə olunacaq.
b) İştirakçılara və digər sahiblərə icazə verilir: adlarının çap olunması, yayılması, görüntü, səs, şəkil və tərcümeyi-hal, Eurovision-2010 ilin yarımfinalı və finalı üçün canlı yayım və kommersiya istifadəsi və kütləvi informasiya vasitələrindən istifadə
v) Karaoke - onlayn-yarışma: Söz və musiqi müəllifləri yarışmada iştirak edənlərə müdaxilə edə bilməzlər. Onlar ictimaiyyətə audiovizual yazıları qeyri- kommersiya şərtləri əsasında təqdim etməyə, eləcə də, dünya üzrə sayına və vaxtına məhdudiyyət qoyulmadan və istənilən texniki vasitələrlə yayımına icazə verməlidirlər.
4. Yekun müddəalar
4.1. Sponsorluq üçün müqavilələrin imzalanması, efirə verilmə, Konsertin kompilyasiyası və hazırlanmasına dair digər bütün hüquqlar və onların gələcəkdə istifadəsi müstəsna şəkildə Təşkilatçıya aiddir.
4.2. Təşkilatçı EMM-2010-da nümayəndəsini müəyyənləşdirmək məqsədilə milli seçimin Avropa Yayım Birliyinin tələbləri və qaydaları əsasında keçirməyi öz öhdəliyinə götürür.
4.3. Finalçı müəyyənləşdikdən sonra Təşkilat komitəsi nümayəndənin Müsabiqədə iştirakçı-ölkələrə qastrol promo-tur təşkil etməli, müxtəlif konsert aksiya və tədbirlərininin təşkilinə yardım etməli, promo-paketin və kostyumların hazırlanması, konsert nömrələrinin, mahnının və s. təkmilləşdirilməsi ilə məşğul olmalıdır.
4.4. Rəsmi nümayəndə və ehtiyatda olan ifaçı layihənin təşklatçısı ilə əməkdaşlıq barədə müqavilə imzalamalı və həmin müqavilə Eurovision televiziya Mahnı Müsabiqəsinin Beynəlxalq qaydalarına müvafiq şəkildə təşkilatçı tərəfindən tərtib olunmalıdır.
4.5. Seçilmiş ifaçı EMM-2010-da iştirak üçün hazırlaşdırıldığı müddətdə Təşkilat komitəsinin icazəsi olmadan üçüncü tərəflərlə (prodüser təşkilatları, nümayəndələr, digər təşkilat və şəxslərlə) əməkdaşlıq edə bilməz.
4.6. Milli seçimlə əlaqədar planlaşdırılmış bütün tədbirlərin həyata keçirilməsindən sonra rəsmi nümayəndə müsabiqədə iştirak edirdi. Rəsmi nümayəndənin ehtiyatda olan ifaçı ilə əvəz olunması müstəsna hallarda mümkündür.
Bu barədə qərarı Təşkilatçı qəbul edir.
--------------------------------------------------
Xəbər lenti
-
11 Fevral, 2012
Tanınmış bəstəkar Elza İbrahimova son mənzilə yola salınıb -
11 Fevral, 2012
Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib -
11 Fevral, 2012
Mərkəzləşdirilmiş yoxlama imtahanları yenidən təxirə salınıb -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (III hissə) -
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək"
1
xəbər sayı
1 - 8
və
3798






