İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT-yə müraciət edəcək Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT-yə müraciət edəcək ================================================================================ Füzuli Məcidli on 11 Mart, 2010 Rəsmi Bakı narkotik vasitələrin tranziti üzrə Əfqanıstan-İran-işğal olunmuş Dağlıq Qarabağ marşrutunun BMT-nin siyahısına salınmasını tələb edəcək. Bunu deyən Baş nazirin müavini Əli Həsənov hesab edir ki, Azərbaycanın işğal altındakı əraziləri müəyyən dövlətlər və beynəlxalq təşkilatların nəzarəti altındadır. Ölkəmiz BMT-nin Vyanadakı ofisinə həmin torpaqlarda bu istiqamətdə monitorinq keçirilməsininə dair müraciət etsə də, Ermənistan qurum əməkdaşlarını əraziyə buraxmayıb. BMT-nin hesabatına görə, son 2 ildə narkotik vasitələrin istehsalı və istifadəçiləri azalıb. Lakin vəziyyət yenə də ürəkaçan deyil. Təəssüf ki, Azərbaycanda da bu istiqamət də çatışmazlıqlar mövcuddur. Ötən il ölkəmizdə 2185 nəfər narkotik maddə istifadəçisi qeydə alınıb. Xəstələrin ümumi sayı isə 23 927 nəfərdir. Onların arasında 5 məktəbli və 498 qadın da var. Bu barədə Nazirlər Kabinetində keçirilən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının iclasında məlumat verildi. Təklif olundu ki, dünyada narkotik istifadəçilərinə cinayətkar yox, xəstə kimi baxılmalıdır tendensiyası Azərbaycanda da nəzərdən keçirilməlidir. Baş nazirin müavini, komissiyanın sədri Əli Həsənov Azərbaycan ərazisi vasitəsilə narkotik vasitələrin tranziti üzrə 3 -Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Pakistan-İran, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutlarının BMT-yə məlum olduğunu dedi. Rəsmi Bakı Əfqanıstan-İran-işğal olunmuş Dağlıq Qarabağ marşrutunun da bu siyahıya daxil edilməsini tələb etmək niyyətindədir. Bəzi xarici təşkilatların sorğuları düzgün formada aparmadığını vurğulayan millət vəkili Fuad Muradov isə bir neçə təklif irəli sürdü. Ali məktəblərdə videokameralar quraşdırılmalı, maarifləndirmə işlərinin daha çox internetdə aparılmasına üstünlük verilməli, ən əsası isə ayda 20 dəqiqə olmaqla, çarxlara televiziyalarda efir vaxtı ayrılmalıdır. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə televiziya kanallarının narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərini peşəkar səviyyədə həyata keçirməli olduqlarına diqqət çəkdi. İclasda o da vurğulandı ki, aidiyyatı qurumlar bu istiqamətdə sorğuları yalnız dövlət komissiyası ilə razılaşdırdıqdan sonra apara bilər. Bununla bağlı həmin təşkilatlara məktub göndəriləcək.