İctimai Televiziya və Radio Yayımları Şirkəti: Gürcüstanda Azərbaycan məktəbləri bağlana bilər Gürcüstanda Azərbaycan məktəbləri bağlana bilər ================================================================================ Füzuli Məcidli on 11 Mart, 2010 Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri yaxın 5-10 ildə müəllim çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Problemin həlli Gürcüstandakı soydaşlarımızın Azərbaycan ali məktəblərinə qəbul proseduru ilə bağlıdır. Bu barədə Qafqaz Araşdırmalar mərkəzinin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, Azərbaycan dilli orta ümumtəhsil məktəblərində pedaqoji heyətin yaşı 60-ı ötüb. Qeyd olunub ki, soydaşlarımız Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq üçün mərkəzləşmiş qaydada qəbul imtahan verməyə cəhd göstərir. Lakin, Gürcüstan orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və coğrafiyasının tədris olunmaması, təhsilin 12 illik olması qəbulu çətinləşdirir. Pedaqoji qocalmanın qarşısını alınmasının əsas yolunun xarici vətəndaşların ölkəmizdə təhsil alma qaydalarının pedaqoji ixtisaslara yiyələnmək istəyən soydaşlarımıza da şamil edilməsi bildirilib.