İctimai Televiziya və Radio Yayımları Şirkəti: Prezident İlham Əliyev konfransda iştirak edib Prezident İlham Əliyev konfransda iştirak edib ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 Bu gün Bakı Biznes Mərkəzində “Azərbaycanın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan regionda mühüm rol oynayan ölkədir. Prezident bəyan edib ki, Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən sabit və möhkəm ölkələrdəndir. Prezident İlham Əliyev əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunan Bakı Biznes Mərkəzinin açılışını bildirən lenti kəsdi. Sonra dövlət başçısı regionların sosial-iqtisadi inkişafını əks etdirən sərgiyə baxdı. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına ötən illərdə, o cümlədən 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat verdi. Sərgi ilə tanışlıqdan sonra “Azərbaycanın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının” icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans işə başladı. Dövlət başçısı bildirdi ki, ilk növbədə regionların canlanması və infrastrukturun yaradılması məsələri həllini tapıb. Bütün istiqamətləri əhatə edən dövlət proqramı nəticəsində 5 il ərzində 800 min yeni iş yeri açılıb. Prezident İlham Əliyev vurğuladı ki, işsizlik probleminin böyük bir hissəsi demək olar ki, aradan qaldırılıb. 2009-cu ilin sınaq ili olsa da, Azərbaycan bu böhrandan uğurla çıxıb. Ötən il iqtisadi artım 9,3, sənaye istehsalının artımı isə 8,6 faiz təşkil edib. Dövlət başçısı dedi ki, müxtəlif sahələrdə o cümlədən ordu quruculuğu sahəsində böyük işlər görülüb. Həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət yürüdən və sürətlə inkişaf edən Azərbaycan xarici sərmayələrin qoyulması üçün məqbul ölkədir. Ayrı-ayrı rayonlarıda müxtəlif sahələr üzrə infrasrukturun qurulmasına toxunan dövlət başçısı dedi ki, bu istiqamətdə işlər 2010-cu ildə də davam etdiriləcək. Bölgələrin 85 faizi qazla təmin olunub. Hazırda içməli su, kanalizasiya və suvarma sistemləri sahəsində mühüm işlərin görülməsi nəzərdə tutulur. Ölkə başçısı bildirdi ki, əhalini narahat edən bu məsələ tezliklə həllini tapacaq. Prezident Azərbaycan cəmiyyətinin güclü hissəsi kimi formalaşan sahibkarlara xüsusi diqqət ayrılmasının vacibliyini də vurğuladı. Dövlət başçısı dedi ki, bu il sahibkarlara 130 milyon manat məbləğində güzəştli kreditin verilməsi nəzərdə tutulur. Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların veriləcəyini də qeyd edən dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan daxili tələbatını öz ərzağı hesabına ödəməyə qadir ölkələrdəndir. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın əldə etdiyi uğurlar bundan sonra davam etdiriləcək. Konfransda digər çıxış edənlər ayrı-ayrı şəhər və rayonlarda Dövlət Proqramının icrasının gedişi barədə məlumat verdilər.