İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycana qar yağacaq Azərbaycana qar yağacaq ================================================================================ Füzuli Məcidli on 15 Mart, 2010 Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 9-11 dərəcə, axşam 6-8 dərəcə isti olacaq. Martın 16-da hava buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Martın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Martın 18-də hava buludlu keçəcək, gündüz arabir açılacaq, gün ərzində əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında martın 16-da əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 4-7 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq. Martın 17-18-də yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.