Arxiv
first first Mart, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
Baş səhifə | İDMAN | Azərbaycan yığmasının öz qrupunda 3-cü yeri tutması realdır

Azərbaycan yığmasının öz qrupunda 3-cü yeri tutması realdır

Şrift ölçüsü: Decrease font Enlarge font

Futbol mütəxəssislərimiz belə deyib

Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının düşdüyü A qrupu və keçirəcəyi oyunlar haqda yığmamızın sabiq baş məşqçiləri fikirlərini bildiriblər.
 
İqor Ponomaryov, Vaqif Sadıqov, Kazbek Tuayev və Ağasəlim Mircavadov komandamızın qarşıdakı seçmə tsikldə imkanlarını dəyərləndiriblər. 

İqor Ponomaryov: “Fikrimcə, Azərbaycan yığması çətin qrupa düşüb. Əsas mübarizə Türkiyə ilə Almaniya arasında gedəcək. Almaniya qrupun şəksiz favoritidir. Türkiyə ilə yanaşı, Belçika və Avstriya da qrupda 2-cilik uğrunda oynayacaqlar. Avstriya yığması 2008-ci il Avropa çempionatından sonra forma yığmaqdadır. Qazaxıstana da ciddi yanaşmaq lazımdır. Məncə, Bakıda Belçikadan xal almağımız mümkündür. Yığmanın baş məşqçisi olduğum vaxt bu rəqiblərdən Türkiyə ilə 2002-ci il dünya çempionatının seçmə tsiklində qarşılaşmışıq. Həmin vaxt da “ay-ulduzlular” güclü idilər. Dünya çempionatının bürünc medalını qazandılar. Elə indi də Türkiyə futbolu inkişafdadır. 2 il öncə Avropa çempionatının bürünc medalını qazanıblar. Bir sözlə, bu qrupda Azərbaycanı çətin oyunlar gözləyir”. 

Vaqif Sadıqov: “Bizə yaxşı tanış olan yığmalarla eyni qrupa düşmüşük. Almaniya qrupun aşkar favoritidir. Türkiyə də öz iddiasını ortaya qoyacaq. Azərbaycanın hədəfi isə 3-cü pillə olmalıdır. Bu, realdır. Yığmamızın baş məşqçisi Berti Foqts üçün ötən tsikl futbolumuzla tanışlıq dövrü oldu. Artıq Foqts millimizin nəyə qadir olduğunu daha yaxşı bilir. Mən 2005-ci ildə yığmanın baş məşqçisi olarkən, dünya çempionatının seçmə matçında Bakıda Avstriyadan xal aldıq. O vaxtdan Avstriya futbolu enişdədir. Azərbaycan isə son illər tərəqqiyə nail olub. Belçika millisinin Dik Advokat kimi güclü baş məşqçisi olsa da, hazırda bu komandada nəsil dəyişikliyi gedir. Azərbaycan da Belçika, Avstriya və Qazaxıstanla birgə 3-cü yer uğrunda mübarizə aparmalıdır. Bu “trio”nun hər birini Bakıda məğlub etməyə çalışmalıyıq. Ötən seçmə tsikl göstərdi ki, yığmamız doğma publika qarşısında istənilən rəqibə qarşı ciddi müqavimət göstərməyə qadirdir. Bunun üçün hər cür imkan da var. Bir müddət Foqtsun köməkçisi işlədiyimdən, bilirəm ki, millimizin yüksək səviyyədə hazırlığı üçün lazımi şərait yaradılıb. Əlbəttə, ilk oyundan da çox şey asılı olacaq. Hesab edirəm ki, yığmamızın oyun qrafiki 2010-2011-ci il üçün Azərbaycan çempionatı və kubokunun təqviminə uyğun qurulmalıdır. İlk oyunu o qədər də iddialı olmayan komandaya qarşı Bakıda keçirmək daha məqsədəuyğundur”. 

Kazbek Tuayev: “Asan qrup deyil. Orta səviyyəli qrupa düşmüşük. Almaniyanın gücü məlumdur. Türkiyə də mürəkkəb rəqibdir. “Ay-ulduzlular”la qarşılaşmalarımızda yaxşı oynasaq da, məhsuldarlıq olmayıb. Avstriya və Qazaxıstanla yaxşı oynamaq olar. Belçika yığmasına gəldikdə, baş məşqçisinin Dik Advokat olması vəziyyəti bir qədər dəyişir. O, bir müddət Rusiyada çalışdığı üçün yəqin ki, Azərbaycan futbolu ilə də maraqlanıb. Advokatın Belçika millisini seçmə tsiklin startınadək normal vəziyyətə gətirəcəyini düşünürəm. Yığmamızın qrupda neçə xal toplamasının və hansı pillə uğrunda mübarizə aparmasının mümkünlüyünü deməyəcəyəm. Çünki proqnoz verməyi xoşlamıram. Amma ötən tsikllərlə müqayisədə yaxşı çıxış edə bilərik”. 


Ağasəlim Mircavadov: “Ağır qrupdur. Favorit də var ki, bu, Almaniyadır. Əslində, favoritin olması yaxşı haldır. 1-2-ci yerlərə 4 komanda namizəd ola bilər. 2-ci yerə Türkiyə və Avstriya daha şanslıdırlar. Belçikanın səviyyəli çempionatlarda çıxış edən gənc futbolçuları var, bu komanda da 2-ci yerə iddia edə bilər. Qrupumuzdakı bütün rəqiblər bizə tanışdır. Belə rəqiblərlə oynamaq futbolçularımız üçün özlərini yenidən göstərmək baxımından bir şansdır. Təqvimdən də çox şey asılıdır. İlk oyunu Bakıda Avstriya və ya Qazaxıstanla keçirmək daha münasib olardı. Həm də seçmə tsiklə qələbə ilə başlasaq, növbəti oyunlar üçün motivasiya yüksələr. 4 günə 2 oyun keçirməkdən imkan daxilində qaçmalıyıq. Bir də ki, yığmamız üçün noyabra seçmə oyun salınmamalıdır”.

© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az