itv.az
Sport News

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib (Fotosessiya)

Mart 19 Oxunub 543
Rate this item
(0 votes)

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gediblər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırıb.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur. Bu da xalqımızın bayram sevincinə gözəl ovqat qatır.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

             
                                                  Prezident İlham Əliyevin nitqi

- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına əmin-amanlıq, yeni uğurlar arzulayıram. Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu xalqımız bu bayramı qeyd edir. 

Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulubdur. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. İyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.

Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir. Daxili vəziyyətimiz sabitdir. Bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də məhz budur. Hər şey müqayisədə ölçülür.

Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq. Yenə də qeyd etmək istəyirəm, bunu ancaq xalq-iqtidar birliyi qoruya bilər.

Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır. Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyət əfsuslar olsun ki, gərginləşib. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq.

Azərbaycan xalqı bu 25 il ərzində açıq-aydın görür ki, bizim siyasətimiz ən düzgün siyasətdir. Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik.

Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə. Biz bunu bilirik və mən həmişə bütün bu məsələlərlə bağlı öz mövqeyimi bildirmişəm. Eyni zamanda, o ölkələr müstəqil həyata hazır deyildilər. O ölkələrdə xalq-iqtidar birliyi yox idi. O ölkələrdə kütləvi narazılıq var idi. Ona görə belə acınacaqlı, bədbəxt hadisələr baş verdi. Bütün bunlar bizim gözümüzün önündə baş verir və bir daha həm xalqımıza, həm bütün dünyaya göstərir ki, bu gün Azərbaycan doğrudan da dünya miqyasında öz siyasəti ilə fərqlənən və bir çox ölkələr üçün nümunəyə çevrilən bir ölkədir.

Bizim beynəlxalq mövqelərimiz də möhkəmlənir. Yanvar ayının ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır. Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm. Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır. Avropa Komissiyasına mənim uğurlu səfərim olubdur. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq.

Qətərə, Pakistana, İran İslam Respublikasına mənim rəsmi səfərlərim olubdur. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz möhkəmlənir. Xalqımız yaxşı bilir ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir. Bunu İslam aləmi qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət vermişlər. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə fəal iştirak edib. Biz son 5 ildə bu təşkilata uğurlu sədrlik etmişik. Bu yaxınlarda Fransaya rəsmi səfərim də çox uğurlu keçdi. Fransa dünyanın aparıcı ölkələrindən biridir və mənim səfərimi izləyən vətəndaşlar gördülər ki, ölkəmizə çox böyük hörmət, çox böyük maraq var. Biz həm siyasi, həm iqtisadi, həm enerji sahələrində və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Onu da qeyd etməliyəm, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb.

Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk.

Bu günlərdə Bakıda V Qlobal Forum keçirilir. Forumda 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak edirlər. Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib. Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir.

Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik.

Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq.

Son illərin beynəlxalq münasibətləri göstərir ki, əfsuslar olsun, beynəlxalq təşkilatlar artıq o qədər də ciddi təsirə malik deyillər. Böyük dövlətlər isə öz maraqlarını güdürlər, beynəlxalq hüququ istədikləri kimi təhrif edirlər. Belə olan halda güc əsas amildir və biz bunu bilirik.

İqtisadi vəziyyətimiz yaxşılaşır. Keçən il, - mən ötən il burada demişdim, - iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıbdır. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun.

Bizim iqtisadi inkişafımız Davos Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilib. Bu il ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerə layiq görülüb. Keçən il biz 40-cı yerdə idik. Yəni, bu, onu göstərir ki, hətta neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Dünya İqtisadi Forumu bizim iqtisadiyyatımızı daha da yüksək pilləyə qaldırıb.

Əlbəttə ki, dünya miqyasında iqtisadi rəqabətliliyə görə, ən inkişaf etmiş 40 ölkə sırasında olmağımız uğurlu iqtisadi siyasətimizi əks etdirir. Onu göstərir ki, biz bu uğuru təkcə neft, qaz hesabına deyil, ciddi şaxələndirmə və islahatlar hesabına əldə etmişik.

Davos Forumunun ikinci önəmli reytinqi inkişafda olan ölkələrin inkişaf səviyyəsidir. Biz burada da bütün inkişaf edən ölkələr arasında birinci-ikinci yerləri bölüşürük. Bu, bizim siyasətimizə, iqtisadi siyasətimizə verilən ən gözəl qiymətdir.

Əminəm ki, bu il iqtisadi inkişaf davam etdiriləcək. Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın. Çünki keçən il dövlət investisiyaları azalmışdır, xüsusilə tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itirmişlər. Bank sektorunda da problemlər yaşandı. Bəzi banklar bağlandı, vətəndaşlar işlərini itirdilər. Ona görə, mən biznes qurumlarına da çağırış etdim ki, hər bir şirkət heç olmasa bir-iki nəfəri işə götürsün. Bəlkə bu, onlara o qədər də lazım deyil, ancaq biznes də sosial məsuliyyətini dərk etməlidir. Bizim dövlət şirkətlərimiz və yerli icra orqanları üçün xüsusi büdcə ayrılıb. İndi 40 mindən çox insan ictimai işlərə və digər təmir-tikinti işlərinə cəlb edilib. Ona görə, əminəm ki, bu il Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək.

Sosial sahədə də böyük planlarımız var. Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib.

Biz bu il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu, növbəti dəfə ölkəmizin potensialını göstərəcək və eyni zamanda, İslam həmrəyliyinə də növbəti töhfəmiz olacaq. Çünki buna böyük ehtiyac var. Bu Oyunlar təkcə idman yarışı deyil. Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun.

Yəni, biz uğurlu siyasətimizlə ölkəmizi gücləndiririk. Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik. Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub. Məhz buna görə biz Cənub Qaz Dəhlizi kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edirik. Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranmışdır.

Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Vaxt keçdikcə dünyada ölkəmiz haqqında daha da dolğun məlumat yayılır. Bizə böhtan, şər atan, bizə pis gözlə baxan qüvvələr yavaş-yavaş sıradan çıxırlar. Artıq onların bir çoxu siyasi səhnədən kənarlaşdırılıb. İndi dünyada yeni inkişaf dinamikası yaranır. Azərbaycan müasir, müstəqil, inkişafda olan ölkə kimi dünyada daha çox tanınır.

Əziz dostlar, mən bu gözəl bayram ərəfəsində hər bir Azərbaycan ailəsinə uğurlar, cansağlığı arzulamaq istəyirəm. Arzu edirəm ki, ölkəmizdə həmişə sülh, inkişaf olsun, xalqımız rahat, firavan yaşasın. Bayramınız mübarək olsun. Sağ olun!

***

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gediblər.

Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılanıb.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı, xanımı, xarici qonaqlar və ümumxalq şənliyinin digər iştirakçıları “Novruz” yarmarkası ilə tanış olublar.

Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilib. Yarmarkada ölkəmizin iqtisadi rayonlarından onlarla şirkət öz məhsullarını təqdim edib. Son dövrlərdə ölkəmizdə aparılan siyasət nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də ekoloji cəhətdən təmizliyi ilə seçilən Azərbaycan məhsullarına dünyada böyük tələbat var.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstəriblər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer alıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxıblar, pəhləvanların, güləşçilərin çıxışlarını izləyiblər, aşıqların, “Nənələr”, “Rəfti” özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinləyiblər.

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də vardı. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Dövlət başçısına və xanımına “İctimai Wi-Fi” layihəsi barədə təqdimat nümayiş olunub.

Bildirilib ki, ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ictimai internetdən istifadəni təmin edən avadanlıq quraşdırılıb. Növbəti mərhələdə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək.

Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanda bu ilin mayında IV İslam Həmrəyliyi Oyunları, iyunda Formula-1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qonaqlar burada Formula-1 yarışlarının bolidinə baxıblar.

Dövlət başçısına və xanımına IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionları, Formula-1 Azərbaycan Qran-Prisinin və IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüşüblər.

Ümumxalq şənliyinin iştirakçıları müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin ləziz təamlarından, bu bayramın rəmzi olan şirniyyat nümunələrindən dadıblar.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın yüksək səviyyəli qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

 

HomeAZƏRBAYCANPrezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image