İctimai Televiziya və Radio Yayımları Şirkəti: Dünyada sıxılmış qazla ticarətin həcmi sürətlə artmaqdadır Dünyada sıxılmış qazla ticarətin həcmi sürətlə artmaqdadır ================================================================================ Natiq Aliyev on 09 Fevral, 2010 Dünyanın qaza olan tələbatının isə 7 %-i sıxılmış qazın hesabınadır. Hesablamalara görə, artıq 2020-ci ildə bu rəqəm iki dəfə artacaq. Sıxılmış qaz satışı üzrə dünya lideri Qətərdir. Amma getdikcə daha çox qaz ixracçısı qazın bu yolla satışına üstünlük verməyə başlayıb. Qeyd edək ki, qazın sıxılması üzrə ilk təcrübələr hələ 100 il bundan əvvəl amerikada başlamışdı. Bu fiziki cəhətdən mümkün olsa da, kommersiya cəhətdən əlverişsizliyi aydınlaşdı. Amma ötən əsrin 40-cı illərində texnologiya sıxılmış qazın iqtisadi cəhətdən səmərəli olmasına imkan verdi. 1969-cu ildə dünyada sıxılmış qazın xaricə ixracına başlandı. Həmin vaxt alyaskada çıxan qaz yaponiyaya göndərilirdi. Sıxılmış qaz təbii qazın təqribən 600 dəfə sıxılmış variantıdır. Bu qazın saxlanması və nəqlini dəfələrlə asanlaşdırır. Belə qazı mənfi 161 dərəcə temperaturda xüsusi qablarda saxlayırlar. Bu gün sıxılmış qaz dünya bazarında çox likvid – yəni əla satıla bilən mal sayılır. Sıxılmış qazın alqı-satqısı hər il artırö hesablamalara görə, artıq bu il dünyada sıxılmış qaz satışı rekord həddə - 150 milyard kubmetrə çatacaq. Artıq indidən Amerika Birləşmiş Ştatları özünün qaza olan tələbatının 20 faizini, yaponiya isə 85 faizini sıxılmış qazın hesabına ödəyir. Amma bu da hələ hamısı deyil - texnologiyaların inkişafı sayəsində sıxılmış qazın həm istehsalı, həm də daşınması hər il asanlaşır. Nəticədə onun qiyməti də aşağı düşür. İndi sıxılmış qazın qiyməti adi təbii qaza nisbətən 25-30 faiz bahadır. Halbuki, bir qədər əvvəl bu fərq 2 dəfəyə çatırdı. Nəticədə son vaxtlar avropada sıxılmış qaz adi qazı sıxışdırmağa başlayıb. Artıq getdikcə daha çox ölkə və istehlakçı sıxılmış qazla işləməyə üstünlük verir. Ən böyük üstünlüyü isə belə qazı ixrac etmək üçün boru kəmərlərinin lazım olmamasıdır. Tankerlər vasitəsilə onu dünyanın istənilən yerinə daşımaq olar. Sıxılmış qaz bazarına Azərbaycan da daxil ola bilər. Bir qədər əvvəl Gürcüstan tərəfi Azərbaycan qazının qara dəniz sahilində sıxılaraq Avropaya satılmasını təklif etmişdi. Analoji təkliflər Bakıya Rumıniya və Bolqarıstandan da daxil olub.