20 yanvar faciəsindən 20 il keçir
Bu gün tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub
20 il əvvəl Sovet ordusunun Bakıda törətdiyi qırğınlar nəticəsində 134 dinc vətəndaş həlak oldu, 700-ə qədər insan yaralandı. Həmin gün Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
O vaxt Respublika rəhbərliyinin Dağlıq Qarabağda başlanan separatçılıq hərəkatının qarşısını almaqda acizlik göstərməsi xalqın haqlı narazılığına səbəb oldu və yüz minlərlə insan küçələrə çıxaraq hakimiyyətin istefasını tələb etdi. Azərbaycanda Moskvaya sadiq hakimiyyəti qoruyub saxlamaq və kütləvi aksiyaları yatırmaq üçün Bakıya qoşunların yeridilməsinə qərar verildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları xəbərdarlıq etmədən Bakıya daxil olaraq çoxsaylı qırğınlar törətdi. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayaraq birgə həyata keçirdiyi əməliyyat əsasında 66 min nəfərlik ordu Bakıya daxil olaraq dinc aksiya keçirən insanlara atəş açmağa başladı. Sovet ordusunun Bakıda törətdiyi qırğınlar nəticəsində 134 dinc vətəndaş həlak oldu, 700-ə qədər insan yaralandı. 20 yanvar qurbanları arasında 20-dən artıq qadın və uşaqlar da var. Qanlı faciənin üzərindən uzun illər keçsə də, bu hadisələrə hələ də hüquqi qiymət verilməyib. Hər il 20 yanvar faciəsinin ildönümündə Azərbaycanda, bölgələrdə və diaspora təşkilatlarının xətti ilə dünyanın müxtəlif ölkələrində şəhidlərin anım mərasimləri keçirilir. Faciənin 20-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” da təsdiqlənib. Artıq Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılır, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərslər keçirilir. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində Azərbaycanın dövlət bayraqları endiriləcək. Yeri gəlmişkən 20 yanvar faciəsinin 20-ci ildönümü ərəfəsində metronun “20 Yanvar” stansiyası üzərindəki dairədə 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Xatirə kompleksi də qanlı Yanvar faciəsinin 20-ci ildönümü günü açılacaq. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanan insanların ad və soyadları, habelə ümummilli lider Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızıl hərflərlə həkk olunub.
-
11 Fevral, 2012
Mərkəzləşdirilmiş yoxlama imtahanları yenidən təxirə salınıb -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (III hissə) -
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib






