Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | SİYASƏT | Ermənistan qorxuya düşüb (Təhlil)

Ermənistan qorxuya düşüb (Təhlil)

Şrift ölçüsü: Decrease font Enlarge font

Bu hiss getdikcə artır və İrəvanın hərəkətlərində bir nizamsızlıq hiss olunur


Fransaya səfər edən Serc Sarkisyan dəstək qazanmaqdan ötrü dəridən-qabıqdan çıxdı, ancaq xəstələnərək geri döndü. Edvard Nalbandyan isə öncə Parisdə vasitəçilərlə görüşməyəcəyini bildirsə də, sonradan onu buna məcbur etdilər. Şübhəsiz, yaxın günlərdə İrəvana Madrid prinsiplərinə dair yeni təklifləri qəbul etməklə bağlı təzyiqlər də ortaya çıxa bilər. Çünki, Ermənistanın ağır vəziyyətə düşdüyünü görən Qərb proseslərin hərbi ssenariyə doğru dəyişməməsi üçün var gücünü ortaya qoyur. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan başqa dövlətlərin ərazisini işğal etməyib, ona görə də öz ərazisinin də başqası tərəfindən işğal edilməsi ilə barışmayacaq. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq, ona yalnız Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilə bilər. Əks təqdirdə, Azərbaycanın qüdrətli ordusu tarixi missiyasını yerinə yetirməyə başlayacaq.

Vasitəçilər yenə gəlir

Beləliklə, vaxt azalır, tərəflər həmsədrlərə artıq təkliflərini göndəriblər. Hazırda işçi müzakirələr gedir. Rəsmi Bakının təkliflərinə İrəvanın, Ermənistanın irəli sürdüyü şərtlərə isə Azərbaycanın münasibətini öyrənmək üçün vasitəçilər martın sonu-aprelin əvvəllərində bölgəyə səfər edəcəklər. Marşruta Dağlıq Qarabağ da daxil edilib. Məqsəd gələcək danışıqlarda birgə iştirakın yollarını nəzərdən keçirməkdir. Fransanın Minsk qrupundakı həmsədri Bernar Fasye son açıqlamasında «Vaxt gələcək, Qarabağ icması da danışıqlar prosesinə qoşulacaq» ifadəsini işlətdi, lakin diplomat dərhal əlavə etdi ki, Qarabağ icması deyəndə təkcə erməni separatçılarını nəzərdə tutmur, çünki qondarma respublikanı dünyanın heç bir ölkəsi tanımır. Bununla belə, Fasyenin qənaətincə, yekun razılaşma əldə etmək üçün Qarabağ icmalarının müzakirələrə qoşulması labüddür. Yeri gəlmişkən, fransalı həmsədr Ermənistanın istinad etdiyi Kosovo presedentinin Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiqinin qeyri-mümkünlüyünü də bəyan etdi. Bu isə faktiki, İrəvana Dağlıq Qarabağın heç vaxt müstəqil olmayacağı mesacının verilməsi deməkdir.  
Oxşar mövqe ATƏT-in Parlament Assambleyasının prezidenti Coao Soareşin bu həftə Cənubi Qafqaz regionuna səfəri zamanı da ortaya çıxdı. Soareş bildirdi ki, bu günə qədər problemin həlli istiqamətində bir çox müsbət addımlar atılıb. İndi hər iki tərəf siyasi düzəlişlər etməli və problemin həlli istiqamətində vəziyyətin inkişaf etdirilməsi üçün onların mövqeləri müzakirə olunmalıdır. ATƏT rəsmisi də Qarabağ münaqişəsinin həlli vaxtının yetişdiyini bəyan etdi.

2010-cu il irəliləyişə nail olmaq üçün önəmli ildir

Qurumun Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker  bir qədər də irəli gedərək münaqişənin durumu ilə bağlı hazırkı vəziyyəti qərar qəbul etmək mərhələsi kimi dəyərləndirdi. Onun fikrincə, Minsk qrupunun fəaliyyəti problemin həllini tapmaq üçün bazanın mövcud olduğundan xəbər verir. Lenmarker Dağlıq Qarabağ probleminin həlli istiqamətində tərəqqinin müşahidə olunduğunu bildirir. 
Əslində, son hadisələr Ermənistanın mövqeyində hər hansı tərəqqinin yer almadığını göstərir. Çünki hələ ötən həftə erməni rəsmiləri bildirmişdilər ki, onlar Madrid prinsipləri ilə bağlı irəli sürdükləri təkliflərə istənilən anda dəyişiklik etmək hüququnu özlərində saxlayır. Rəsmi Bakı isə ATƏT Xarici İşlər Nazirlərinin Afina görüşündə irəli sürülən sənədi fəaliyyət proqramı kimi qəbul etdiyini və prinsip etibarilə, yenilənmiş variantın mərhələli həll planına uyğun olduğunu bildirir. Xarici İşlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, bu təkliflər nizamlama formulu ətrafında geniş müzakirə aparmaq imkanı da verir. Nazir qarşı tərəfin həm Dağlıq Qarabağ münaqişəsi, həm də Türkiyə ilə münasibətlər kontekstində atdığı addımların Azərbaycanın mövqeyinə hər hansı bir təsir göstərməyəcəyini deyir: «Həm 3 həmsədr ölkənin rəhbəri, həm ATƏT-ə sədrlik edən Qazaxıstan, həm Avropa İttifaqına rəhbərlik edən İspaniya bəyan edib ki, 2010-cu il irəliləyişə nail olmaq üçün önəmli ildir. ATƏT Parlament Assambleyasının prezidenti Coao Suares və qurumun Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də buna bənzər açıqlamalarla çıxış ediblər. Bu o deməkdir ki, bütün beynəlxalq ictimaiyyət hazırdır və irəliləyiş istəyir. Onlar da hesab edirlər ki, birmənalı olaraq işğal olunmuş torpaqlar azad olunmalı, məcburi köçkünlər geri qayıtmalıdırlar. Bununla bağlı sual ünvanlanmalı olan yeganə tərəf Ermənistan rəhbərliyidir». 

Sarkozi narahatdır

Müşahidəçilər rəsmi İrəvanın siyasi kursuna təsir edə biləcək bütün nüansları nəzərdən keçirirlər. Bəzi ekspertlər deyirlər ki, Türkiyə-Ermənistan münasibətləri düzələrsə, Dağlıq Qarabağ münaqişəsinin də həllində irəliləyişə nail olunacaq. Digər mülahizələrə görə, bu həssas mərhələdə Rusiya və Fransanın Ermənistan rəhbərliyinə təzyiqlər etməsi çox vacibdir. Bu baxımdan Ermənistan prezidenti Serc Sarkisyanın Fransaya səfəri və səfər zamanı verilən bəyanatlar diqqətlə öyrənilir. Fransa prezidenti Nikola Sarkozi danışıqlar prosesində süstlüyün yaranmasından narahat olduğunu bildirdi. Amma narahatlıq Ermənistan tərəfindən olmalıdır, çünki yenilənmiş Madrid prinsiplərini tam qəbul etməyən məhz İrəvandır.

Erməni prezidentlərinin Fransada xəstəlik sindromu

Erməni tərəfinin nələri müzakirə etdiyi bəlli deyil, görünən isə odur ki, Sarkisyan Sarkozi ilə görüş əsnasında Türkiyə ilə imzaladığı protokollardan imzasını geri çəkə biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Deyəsən, erməni prezidentlərində Fransada xəstəlik sindromu var. Vaxtilə Rambuye qəsrində Robert Koçaryan da səhhəti ilə əlaqədar danışıqlardan qaçmışdı. Bu dəfə eyni aqibəti Sarkisyan yaşadı, hətta ona şəxsi həkim də çağırmaq məcburiyyətində qaldılar. Sarkisyanın Parisdən hansı mövqe ilə dönəcəyi aydın olmasa da, Fransa prezidenti ona nizamlanma prosesinə yeni impulsun verilməsini istədiyini söylədi. Sarkozi deyir ki, münaqişə tərəfləri məsuliyyəti öz üzərinə götürərək bütövlükdə regiona fayda verəcək addımlar atmalıdır.
Azərbaycan regionun inkişafına təkan verəcək addımlar atır və bunu beynəlxalq təşkilatlar da görür. Ermənistan isə Fransa kimi dövlətlərlə hərbi əməkdaşlıq haqqında saziş imzalayaraq nizamlama prosesini pozur və bu zaman hər cür məsuliyyətdən də kənar qalmağa çalışır. Belə olan halda rəsmi Bakı nə etməlidir? Şübhəsiz, Azərbaycan Prezidentinin son bəyanatları, habelə müdafiə nazirinin müharibə variantına keçməyin mümkünlüyü barədə açıqlamaları İrəvanda ciddi narahatlıq yaradır və həmin narahatlıq vasitəçi ölkələri problemin həllinin ilkin şərtlərini Ermənistana qəbul etdirmək məcburiyyətində qoyur. 

«Mərhələli həll» planının tərkib hissəsi

Hazırda həm vasitəçilər, həm də beynəlxalq təşkilatlar münaqişənin həllinin ilkin ssenarisi kimi Qarabağın müvəqqəti statusunu, təhlükəsizliyini, məcburi köçkünlərin öz yerlərinə qayıtmasını təmin edəcək modeli götürürlər. Madrid təklifləri də məhz Dağlıq Qarabağda müharibədən öncə yaşamış əhalinin iştirakı ilə referendumun keçirilməsini, Ermənistanla Qarabağ arasında dəhlizin olmasını, qaçqınların qayıtmasını və beynəlxalq qüvvələrin köməyi ilə münaqişə zonasında təminatlı sülhün olmasını nəzərdə tutur. Bu isə rəsmi Bakının istinad etdiyi və dünya birliyinin Qarabağ münaqişəsinin nizamlanması üçün məqbul saydığı «mərhələli həll» planının tərkib hissəsidir.

«1-ci kanal»ın Analitik Qrupu
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az