Dövlət başçısı Slovakiyanın Xarici İşlər nazirinin ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib
Prezident İlham Əliyev Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Slovakiyanın Xarici İşlər nazirinin ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib və bu səfərin Azərbaycanla Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb. Prezident İlham Əliyev bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu da qeyd edib. Dövlət başçısı səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib. Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycan Prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu qeyd edib. Daha sonra nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın iki dost ölkə olduğunu vurğulayıb.
Qeyd edək ki, Miroslav Layçakın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda ilk Slovakiya-Azərbaycan biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisyiaların Təşfiqi Fodunun və Slovakiyanın İnvestiya və Ticarətin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən biznes forumda dövlət rəsmilərilə yanaşı, 40-a yaxın şirkət nümayəndəsi iştirak edib. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək, iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat veriblər. Bildirilib ki, Slovakiya və Azərbaycan arasında ticarət dövriyyəsi 11 milyon dollardan bir qədər artıq olsa da, bu, azdır. Ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı, informasiya texnologiyaları, bank, tikinti və sənaye sahələrində birgə əməkdaşlıq layihələri həyata keçirilə bilər.