Dünya əhalisinin 3,2%-i, 1 milyon nəfərə qədər olan minlərlə etnik birlikdən ibarətdir. Dünyada bu qədər etnik qrupun olması bir o qədər də psixologiya, etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, yaşadılması, müasir dünyada demokratik inkişafın başlıca prinsipinə və tələbinə çevrilib. Artıq hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların doğma vətəninə çevrilib. Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar ücün Verilişlər departamenti yaradılıb. Burada biz Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırmaqla uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və ya bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan, bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə catdırırıq.
|
|
“Danışan tarix” Azərbaycanın qədimliyini sübut edən, tariximizi yaşadan atributlar sırasında daş səlnaməmizin xüsusi yeri var. Tariximizi bilmək istəyiriksə, mütləq abidələrimizin yaranma dövründən xəbərdar olmalıyıq. Çünki hər daşda, çınqılda bir tarix yatır. Daşların dili ilə keçmişimizdən söhbət açan “Danışan tarix” verilişi də məhz bu istiqamətdə geniş tamaşaçı auditoriyasının maariflənməsinə xidmət edir. Bu veriliş vasitəsilə biz ulu diyarımızın keçmişini, eyni zamanda bu gününü və gələcəyini işıqlandırmağa çalışırıq. |
|
“Azərbaycanlılar” İndiyə kimi departamentin təqdimatında həftənin çərşənbə axşamı saat 18:15- də efirə gedən “Azərbaycanlılar” verilişində ölkəmizdə yaşayan azsaylı xalqların, milli azlıqların və etnik qrupların adət-ənənəsi, folkloru, milli mətbəxi, dili, dini və inanc yerləri haqqında məlumatlar öz əksini tapır. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar,taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan polyaklar, almanlar, ukraynalılar, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dag yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri eləcə də ölkəmizdə yaşayan digər xalqlar haqqında hazırlanan verilişlər təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox maraqla qarşılanır. |
|
“Körpü” Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın adət-ənənəsinə, ulu Təbrizin, eləcə də digər qədim şəhərlərin tarixi və memarlıq abidələrinə, məşhur söz və sənət adamlarına, sənətkarlarına, qədim musiqi alətlərinə həsr olunan bu verilişə həftənin cümə günü saat 19:15-də baxa bilərsiniz.
Redaktorlar: Kamil Məmmədov; Məhəbbət Hacıyeva; Turanə Isgəndərova; Sevda Mirzəyeva Rejissorlar: Taleh Ismayılov; Aqşin Nəzərov; Elçin Həsrətov |
| |