BAŞ SƏHİFƏ | YEKUN | «YEKUN» - HƏFTƏLİK ANALİTİK PROQRAM

«YEKUN» - HƏFTƏLİK ANALİTİK PROQRAM

Şrift ölçüsü: Decrease font Enlarge font

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri; Azərbaycan müstəqillik həyatında 3-cü referenduma hazırlaşır; ABŞ, Türkiyə və İran münasibətləri;

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri

Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən yaranıb. İkitərəfli münasibətlər artıq beynəlxalq qurumlar çərçivəsində də inkişaf edir. Bu gün Azərbaycan Yunanıstan üçün Qafqazda mühüm ölkə hesab olunur. Bu məqam prezident İlham Əliyevin Yunanıstana bu həftəki dövlət səfəri zamanı bir daha önə çəkildi. Müzakirələr zamanı önə çəkilən əsas məsələlər sırasında enerji və qeyri-enerji sahəsində əməkdaşlıq, ən əsası isə regional təhlükə mənbələri oldu. Bu gün Yunanıstan Avropa İttifaqının üzvü olan ölkə kimi ilk dövlətdir ki, Azərbaycan qazı bura birbaşa ixrac olunur. Amma Azərbaycan və Yunanıstan təkcə enerji yox, qeyri-enerci sahələrinə sərmayə qoyuluşunu da müzakirə edir. 
Prezident İlham Əliyevin Yunanastına dövlət səfəri çərçivəsində əməkdaşlığın bütün aspektləri müzakirə edildi. İstər təkbətək, istərsə də geniştərkibli nümayəndə heyətlərinin görüşündə qarşılıqlı əlaqələrin genişlənməsindən danışıldı. Prezident Karolos Papulyas Azərbaycanın dövlət başçısının Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirakının əhəmiyyətini vurğuladı, indiki səfərin də ikitərəfli əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirdi. İki ölkə arasında energetika sahəsində əlaqələrin də yaxşı inkişaf etdiyini deyən Yunanıstan prezidenti bunun regional əməkdaşlıq baxımından da əhəmiyyətli olduğunu bildirdi. Azərbaycanın dövlət başçısı İlham Əliyev Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin fəal iştirakını xatırladaraq bu baxımdan Yunanıstanla da enerji sahəsində əməkdaşlığın əhəmiyyətini önə çəkdi. Türkiyə-Yunanıstan qaz kəmərinin açılmasının Azərbaycan-Yunanıstan əlaqələri, eyni zamanda, regional enerji əməkdaşlığı üçün yeni bir mərhələnin başlanğıcı olduğunu bildirən prezident İlham Əliyev iki ölkənin qarşılıqlı əlaqələrinin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Enerji təhlükəsizliyi məsələsinə də toxunan dövlət başçısı bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynamağa hazırdır. Artıq bir ildən çoxdur ki, Azərbaycan qazı Yunanıstana, beləliklə də Avropa İttifaqı bazarına ixrac olunur. Azərbaycanın enerji daşıyıcılarının mühüm ixracatçısı və tranzit ölkə olduğu “işgüzar əməkdaşlığın imkanları” mövzusunda təşkil olunan biznes forumda da önə çəkildi. Yunanıstan prezidenti Karlos Papulyas bu sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan-Yunanıstan biznes forumunun isə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirildi. Biznes dairələri arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu bildirən Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Dövlət başçısı qeyri-enerji sektorunun inkişafı üçün lazımi tədbirlərin görülməli olduğunu dedi. Prezident bildirdi ki, bunun üçün artıq çox geniş hüquqi baza var və şübhə yoxdur ki, biznes aləminin bir-birinə yaxın olması, müştərək layihələrdə iştirak Azərbaycan və Yunanıstanın ümumi münasibətlərinə çox müsbət təsir edəcək.  Qeyri-neft sektorunun inkişafının Azərbaycanda son illər ərzində prioritet vəzifə olduğunu deyən dövlət başçısı bu sahəyə çox böyük investisiyalar yatırıldığını da bildirdi. Prezident biznes forumda da Azərbaycanda müxtəlif sahələrdə yaranmış imkanların bütün yunan şirkətlərinə açıq olduğunu dedi. Artıq Azərbaycan şirkətlərinin də xarici ölkələrə sərmayələr ayrıldığını deyən prezident İlham Əliyev son iki ildə xaricə bir neçə milyard dollar həcmində sərmayə qoyulduğunu qeyd etdi. Və Yunanıstanla da bu sahədə işləməyin Azərbaycan üçün çox vacib olacağını dedi.
İqtisadi inkişaf üçün sabitliyin və təhlükəsizliyin vacib amil olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, planlaşdırılan bütün işlərə nail olmaq üçün Cənubi Qafqaz regionunda sabitlik olmalıdır. Çünki sabitlik və təhlükəsizlik hər bir inkişaf üçün ən vacib ilkin şərtdir. Prezident İlham Əliyev dedi ki, sabitlik olmayanda nə sərmayələr, nə irəliləyiş, nə də ki, etimad olur. Dövlət başçısı eyni sözləri regiona da aid etdi. Prezident bildirdi ki, əgər regional təhlükəsizlik yüz faiz təmin olunmursa, onda daha çox risklər və potensial təhlükələr yaranır. Azərbaycanın mövcud və potensial təhlükələrin olduğu regionda yerləşdiyini deyən dövlət başçısı bunlardan birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirdi. Bu təhlükənin bütün planlara mənfi təsir göstərə biləcəyinə diqqət çəkən dövlət başçısı mürəkkəb regional vəziyyətə baxmayaraq, indiyə qədər enerji layihələrinin hamısının həyata keçdiyini bəyan etdi. Lakin prezident İlham Əliyev gələcəkdə Azərbaycandan və ya digər ölkələrdən başlayan və bizim ərazimizdən keçən uzunmüddətli sabit enerji dəhlizinə nail olmaq üçün bütün regional münaqişələrin həllini vacib saydı. Buna aparan yeganə yol isə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev dedi ki, münaqişələrin həlli üçün ərazi bütövlüyü prinsipi əsas tutulmalıdır. Ermənistan beynəlxalq hüquq normalarına əməl etsə, bu münaqişə tezliklə həllini tapa bilər. Azərbaycan və Yunanıstan prezidentləri ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində əhəmiyyətini qeyd edərək qarşılıqlı münasibətlərin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu bildirdilər. Dövlət başçısının Yunanıstana səfəri zamanı isə iki ölkə arasında əməkdaşlığa dair 4 sənəd-gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya, hava əlaqələri, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişləri, bərpa olunan enerci ehtiyatları və enerci səmərəliliyi sahəsində anlaşma memorandumu imzalandı. Mətbuat qarşısındakı birgə bəyanatları zamanı  dövlət başçıları əməkdaşlığın genişlənməsi baxımından imzalanan sənədlərin əhəmiyyətini vurğuladılar. Yunanıstan prezidenti Karolos Papulyas Azərbaycan prezidentinin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyinə əminlyini ifadə etdi. Prezident İlham Əliyev Yunanıstana səfəri zamanı baş nazir Kostas Karamanlislə də görüşüb. İki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunan görüşdə iqtisadi sahədə, xüsusilə də, enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Azərbaycan prezidenti və Yunanıstanın baş naziri Kostas Karamanlis mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etdi. Kostas Karamanlis Azərbaycanın Yunanıstan üçün Qafqazda mühüm ölkə olduğunu və çoxtərəfli əlaqələrin mövcudluğunu vurğuladı. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev Azərbaycan-Yunanıstan əlaqələrinin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını dedi.

Azərbaycan müstəqillik həyatında 3-cü referenduma hazırlaşır.

1995-ci ildə ümumxalq səsverməsi ilə Azərbaycanın konstitusiyası qəbul olundu, 2002-ci ildə isə referendum zamanı konstitusiyaya bəzi dəyişikliklər edildi. Bu il martın 18-də isə 3-cü dəfə referendum keçiriləcək.
Bir ay davam edəcək təşviqat kampaniyası dövründə qeydə alınan 9 təşviqat qrupu pulsuz efir vaxtından istifadə edərək mövqelərini ictimaiyyətə çatdıracaqlar. Bu proses səsverməyə 24 saat qalana qədər davam edəcək. Artıq referendumla bağlı Təşviqat qruplarına ayrılan efir vaxtının qaydaları da müəyyənləşib. Bu həftə Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda qurumun sədri Məzahir Pənahov bildirib ki, qruplar üçün həftədə 3 saat pulsuz efir vaxtı ayrılıb. Bunun saat yarımı İctimai Televiziya, saat yarımı isə İctimai Radio üçün nəzərdə tutulub. Ümumilikdə, kampaniya dövründə 4 dəfə televiziya, 4 dəfə isə radioda ödənişsiz müzakirələr aparılacaq. Ayrılan efir vaxtlarından prezident seçkilərində olduğu kimi, dəyirmi masa formasında istifadə olunacaq.
Artıq fevralın 18-də İctimai Radioda, dünən isə İctimai Televiziyada ilk dəyirmi masa keçirildi.
Maraqlı cəhətlərdən biri də təşviqat qrupu nümayəndələrinin pulsuz efir vaxtından hansı məsələlər üçün istifadə edəcəyidir. Artıq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu məsələyə aydınlıq gətirib. Ödənişsiz efir vaxtı yalnız referenduma çıxarılan 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb
18 mart referenduma hazırlıqla bağlı başqa sahələrdə də bir sıra addımlar atılıb. Məsələn, təşviqat qruplarına təşviqat kampaniyası üçün dövlət büdcəsindən ümumilikdə 207 min manat ayrılıb. Kampaniya üçün 9 təşviqat qrupunun hər birinə 23 min manat verilib. Seçkilərdən fərqli olaraq isə referendumda dövlət büdcəsindən alınmış maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulmur. Artıq səsvermədə istifadə ediləcək seçki bülletenlərinin bir hissəsi çap edilib. MSK sədrinin sözlərinə görə, sabah xarici ölkələrdə yaradılan seçki məntəqələri üçün bülletenlər göndəriləcək. Bülletenlər xüsusi mühafizə altında Xarici İşlər Nazirliyinin təmsilçilərinə təhvil veriləcək, onlar da öz növbələrində müvafiq seçki məntəqələrinə çatdıracaqlar. Bülletenlərin çapı başa çatdıqdan sonra onlar ölkə daxilindəki seçki komissiyalarına göndəriləcək. Referendumla bağlı Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərində ümumilikdə 35 seçki məntəqəsi yaradılıb.
Referenduma hazırlıq mərhələsində məntəqə seçki komissiyaları üçün treninqlər də keçirilir. Mərkəzi Seçki Komissiyasının treninq qrupu məntəqə seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək prosedurlar, səsvermə prosesi, səsvermə zamanı baş verə biləcək müstəsna hallar, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi haqqında məlumatlar verilməli və praktiki məşğələlər keçirilməlidir.
Ümumxalq səsverməsinə beynəlxalq səviyyədə marağın böyük olduğunu referendumu izləmək üçün respublikamıza gəlmək niyyətində olan təşkilatların sayı da göstərir. Artıq MDB müşahidəçilərinin Azərbaycanda keçiriləcək referendumu izləyəcəkləri bildirilir. Gələn həftə Bakıda missiyanın qərargahı açılacaq. Missiyanın 100-dən artıq müşahidəçidən ibarət olacağı planlaşdırılır. Yaxın günlərdə digər beynəlxalq qurumların da müşahidə aparmaq üçün müraciət edəcəyi gözlənilir.

ABŞ, Türkiyə və İran münasibətləri

Birləşmiş Ştatlarla Türkiyə arasında yaşananlar, Türkiyə siyasi dialoqda Rusiya, yoxsa Amerika ilə münasibətlərə üstünlük verəcək kimi suallar həm də İran məsələsinə görə önəm daşıyır. Barak Obama administarsiyasından indi İran siyasətinə dair də yeniliklər gözlənilir. İranın xarici işlər naziri Manuçöhr Mottaki «İran ABŞ-ın yeni addımlarını araşdırır deyir. Onun sözlərinə görə, Birləşmiş Ştatların yeni administrasiyası öz siyasətində dəyişiklik edəcəyi təqdirdə, rəsmi Tehran da müsbət addımlar atacaq. Manuçöhr Mottaki deyir ki, İran bu dəyişikliyin sözdə yox, əməldə baş verməsini istəyir». Digər tərəfdən isə Atom enerjisi üzrə beynəlxalq agentlik bu həftə açıqlama verdi ki, İran atom bombasının hazırlanması üçün kifayət edəcək qədər zənginləşdirilmiş urana sahibdir.
ABŞ-da prezident seçkiləri keçiriləndən və Barak Obama bu ölkənin yeni prezidenti seçildikdən sonra dünya birliyinin diqqəti Ağ ev administrasiyasının yürüdəcəyi xarici siyasətə yönəlib. Əsas xətt kimi ABŞ-Rusiya və ABŞ-İran münasibətləri götürülsə də, son vaxtlar Birləşmiş Ştatlar və onun bölgə üzrə strateji müttəfiqi-İsraillə Türkiyə arasında başlanan «soyuq savaş» da bura əlavə olunub. Bu mənada Ağ ev rəhbərinin  dünya maliyyə böhranından çıxış yolları ilə yanaşı, Rusiya və İranla əməkdaşlığa dair açıqlamaları diqqətdən yayınmadı. Ən azından ona görə ki, yeni administrasiya Moskva və Tehranla əməkdaşlığa Corc Buş iqtidarından fərqli aspektdən yanaşır. Söhbət siyasi, iqtisadi və hərbi təzyiq alətlərini diplomatik vasitələrə dəyişməkdən gedir. Bu məsələdə əlbəttə ki, Vaşinqtonun NATO üzrə regional müttəfiqi olan Türkiyənin rolu yüksək qiymətləndirilir. Ancaq Ankara-Təl-Əviv münasibətlərində ciddi gərginliyin yaşanması Türkiyəni istər Moskva, istərsə də Tehranla ikitərəfli təmasları gücləndirmək məcburiyyətində qoyub ki, artıq bununla bağlı konkret addımlar atılmaqdadır.
Məsələn, ekspertlər Türkiyə prezidenti Abdullah Gülün Moskva səfərini təsadüfi saymadılar. İki ölkə arasında enerci sahəsində əməkdaşlığa dair imzalanmış saziş okeanın o tayında birmənalı qarşılanmadı. Barak Obama Rusiyadan yenicə qayıdan Gülə və daha sonra baş nazir Rəcəb Tayyib Ərdoğana zəng edərək qarşılıqlı münasibətləri müzakirə etdi və Türkiyənin regionun aparıcı dövlətlərindən biri olduğunu söylədi. Üstəlik, Ağ Evin yeni sahibi Yaxın Şərq, Əfqanıstan, İraq kimi regional problemlərin həllində Türkiyənin rolunun danılmaz olduğunu da diqqətə çatdırdı. Müşahidəçilərin fikrincə, İsrail-Türkiyə əlaqələrinin pozulması artıq Birləşmiş Ştatları ciddi şəkildə narahat etməyə başlayıb və əvvəlki təmasları bərpa etmək üçün Obama qəti addımlar atmaq məcburiyyətində qalıb. Türkiyəyə səfər edən amerikalı konqresmenlər də bu mövqedən çıxış ediblər.
Amerika siyasətçiləri şübhə etmirlər ki, Rusiya və İranla münasibətlərin tənzimlənməsində Ankara öz sözünü deyə bilər. Məsələ ondadır ki, Barak Obama İranla nüvə sahəsində mövcud problemlərin həllində Türkiyədən yardım ala biləcəyini düşünür. Digər tərəfdən, İsrail-Türkiyə münasibətlərində ortaya çıxan ziddiyyətlərdən Tehranın istifadə edə biləcəyi də mümkün sayılır. Xüsusən, İran prezident seçkilərinə hazırlaşdığı bir mərhələdə ABŞ-ın bu ölkə ilə siyasətində yeni ştrixlər özünü göstərə bilər. Məsələn, Vaşinqton Mahmud Əhmədinecatdansa sabiq prezident Məhəmməd Xatəminin dövlət başçısı postuna gəlməsində maraqlı görünür. Xatəminin Qərblə münasibətlərdə kifayət qədər loyallıq nümayiş etdirməsi ekspertlərə belə düşünməyə əsas verir. Ona görə də Obama iqtidarının bölgə üzrə siyasətində diplomatik cestlərin üstünlük təşkil etməsi İranda liberal qüvvələrin fəallaşmasına təkan verə bilər. Tehranda da bunu yaxşı başa düşürlər. Prezident Əhmədinecat baş verənləri görür və ABŞ-la əməkdaşlığın mümkün variantları barədə açıqlamalar verir.
Son mətbuat konfransında Barak Obama İran prezidenti Mahmud Əhmədinecatla görüşü mümkün saydığını və bu addımın İranın nüvə proqramı ətrafında yaranmış problemin həllinə təkan verəcəyini bildirmişdi. ABŞ prezidentinin fikrincə, Vaşinqton yaxın aylarda qarşılıqlı münasibətləri yeni istiqamətdə aparmaqdan ötrü üz-üzə oturmağın yollarını arayacaq. Hesab olunur ki, bu yollar İranın nüvə proqramından, Yaxın Şərq siyasətindən, «Hizbullah» və «Həmas» kimi təşkilatlara yardımı dayandırmasından keçir.
Ekspertlər Obama administrasiyasının siyasi təzyiq vasitələrindən nisbətən imtina etməsini Tehranda və Avropada müsbət qarşılandığını düşünür. Hətta İran prezidenti Mahmud Əhmədinecat da ənənəvi ritorikasından uzaqlaşaraq Vaşinqtonu əməkdaşlığa çağırır. Amma bəzi ağır şərtlər qoyur ki, bunların da qəbulu mümkünsüz görünür. Məsələn, Əhmədinecat deyir ki, Ağ ev Tehranla münasibətləri dəyişmək istəyirsə, keçmişdə olanlara görə İrandan üzr istəməlidir. Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti «Əl-Ərəbiyyə» telekanalına müsahibəsində İrana nüvə silahı yaratmaq, İsrailin ünvanına hədələr səsləndirmək və terrorçu təşkilatlara dəstəyi davam etdirməyə imkan verməyəcəklərini demişdi.
Əslində, Ağ Evin yeni rəhbərliyinin respublikaçılardan ciddi fərqlənən İran siyasəti ortaya qoyacağı gözlənilmir. Çünki bu, ABŞ-ın 1979-cu il İran inqilabından sonra bu ölkə ilə bağlı siyasətində növbəti iflası ola bilər. Üstəlik, İsrail-Fələstin münasibətlərinin gərginləşməsi fonunda Tehranın Təl-Əvivə qarşı açıq hədələrlə də çıxış edəcəyi mümkün sayılır. Hətta İranın İsrailə zərbə endirmə versiyaları da səslənir. Bu baxımdan analitiklər diplomatik münasibətlərin bərpası çağırışlarının tam səmimiyyətdən qaynaqlanmadığını deyir. Digər tərəfdən, İranın ABŞ-ın strateci hədəflərinin dəyişildiyinə inanmadığı açıq ifadə olunur. Hətta dövlət katibi Hillari Klintonun prezidentliyə namizəd olarkən İranın ünvanına səsləndirdiyi ittihamlarını da xatırladırlar. Xanım Klinton prezident seçiləcəyi təqdirdə İrana zərbə endiriləcəyini bəyan etmişdi. Bu baxımdan rəsmi Tehranın Barak Obama administrasiyasına qarşı yeni mövqe formalaşdırdığı və bunun bir sıra amillərdən asılı olduğu ilə bağlı açıqlamaları tam başadüşüləndir.
Beləliklə, ABŞ-ın yeni prezidenti hakimiyyətə gəldiyi ilk gündən Buş iqtidarından qalma problemlərin həllinə başlayıb. Dünya maliyyə böhranı ilə yanaşı Barak Obama Rusiya, İran, Çin kimi ənənəvi antiamerika ritorikası ilə seçilən ölkələrlə münasibətlərdə yeni format ortaya qoymalıdır. Bu azmış kimi Vaşinqton NATO və bölgə üzrə ən əhəmiyyətli tərəfdaşlarından olan Türkiyə ilə də təmas nöqtələrini artırmağa borcludur. Çünki, rəsmi Ankaranın istər Dağlıq Qarabağ, istər İraq, istərsə də İsrail-Fələstin problemlərinin həllində ciddi rol oynadığı artıq bütün dünyada etiraf olunur. ABŞ-ın yeni dövlət katibi Hillari Klintonun Asiya qitəsinin nəhəng dövlətlərinə səfər etməsi də ondan xəbər verir ki, beynəlxalq terrorçuluğa qarşı mübarizədə Vaşinqton dünyada ciddi söz sahibi olan ölkələrlə əməkdaşlığa üstünlük verəcək. Əlbəttə, Rusiya, Çin və İranla münasibətləri müsbət məcraya salmaq və ABŞ-ın bölgədəki maraqlarını daha sanballı şəkildə qorumaq üçün bir sıra vacib addımlar atılmalıdır. Şübhəsiz, bu zaman Türkiyə kimi ciddi bir müttəfiqin Birləşmiş Ştatların yanında olması  vacib sayılır.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az