İctimai Televiziya və Radio Yayımları Şirkəti: «YEKUN» - HƏFTƏLİK ANALİTİK PROQRAM «YEKUN» - HƏFTƏLİK ANALİTİK PROQRAM ================================================================================ Fatima Mirzəyeva on 28 Fevral, 2009 TÜRKİYƏ-RUSİYA DANIŞIQLARI. DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ DANIŞIQLARDA SON VƏZİYYƏT «Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər Azərbaycan büdcəsində ən çox vəsait müdafiə sahəsinə ayrılacaq». Prezident İlham Əliyev belə bir bəyanat verib. Dövlət başçısı Azərbaycan ordusunun istənilən vəzifəni, ilk növbədə isə işğal olunan ərazilərin azad edilməsi vəzifəsini yerinə yetirməyə qadir olan qüdrətli bir struktur olduğunu deyib. Və əgər Azərbaycan bu potensiala Sovet İttifaqı dağıldıqdan sonra sahib olsaydı, torpaqlarımız heç vaxt işğal edilməzdi. Prezident danışıqlar prosesinin resurslarının hələ tükənmədiyini də bildirib.Münaqişənin həllinin həm Azərbaycan, həm də Ermənistana lazım olduğunu deyən ATƏT diplomatları isə danışıqların bu il nəticə verəcəyini mümkün sayır. Elə Türkiyə rəsmilərinin ötən həftə Azərbaycana və Rusiyaya edilən səfərləri də Dağlıq Qarabağ prizmasından daha çox diqqətə alındı. Doğrudur, prezidentlər Abdullah Gül və Dmitri Medvedev danışıqlarının mətbuat üçün hissəsində daha çox iqtisadi layihələri qabartdı. Amma Türkiyə-Rusiya zirvə görüşündə ən çox siyasi məqamlara, o cümlədən də Birləşmiş Ştatlarla Türkiyə arasında son aylarda uydurma erməni soyqırımı üzündən yaşananlara yer ayrıldığı deyilir. Türkiyə Qafqazda möhkəmlənəcəkmi, və hara qədər möhkəmlənəcək, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi Türkiyə-Amerika münasibətlərində necə iz qoyacaq. Türkiyə Ermənistanla danışıqlarda iki hədəf götürüb. Bir tərəfdən erməni diasporunun Ermənistan üzərindəki təsirini azaltmağa çalışır, digər tərəfdən Dağlıq Qarabağ məsələsində Azərbaycana kömək göstərmək istəyir. Belə bir açıqlamanı və Türkiyənin Ermənistanla danışıqlarda bir daşla iki quş vurmaq istədiyini baş nazir Rəcəb Tayyib Ərdoğanın AK partisinin sədr müavini bildirib. Elə Münhendə Ermənistan tərəfi ilə danışıqlar aparan, ardından Bakıya səfər edən Türkiyə xarici işlər naziri Əli Babacanın da «Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlər bütünlüklə normallaşsa, bölgədə vəziyyət çox dəyişəcək» bildirməsi yalnız bir diplomatik deyim kimi qəbul edilmir. Əli Babacanın Azərbaycana, Türkiyə prezidenti Abdullah Gülün isə eyni həftədə Rusiyaya səfər etməsi də təsadüfi sayılmır. Hesab edilir ki, Türkiyə xarici işlər naziri Əli Babacanın Bakı görüşünün mahiyyətində də əsasən prezident Abdullah Gülün Rusiyaya səfəri dura bilərdi. Moskvada Qafqazdakı vəziyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edən Türkiyə rəsmiləri bundan əvvəl Azərbaycanın mövqeyini bir daha dəqiqləşdirmiş oldular. Elə Qafqaz siyasəti son Rusiya-Türkiyə danışıqlarına diqqəti yönəldən amillərdən biri idi. Rusiya və Türkiyə 15 il müddətində Rusiya elektrik enerjisinin nəqli ilə bağlı razılığa gəldi, həmçinin Türkiyədə Atom Elektrik Stansiyasının inşası ilə bağlı anlaşma əldə edildi. Dmitri Medvedev və Abdullah Gül iqtisadi, ticarət, humanitar sahələrlə yanaşı xarici siyasət kursunu da əhatə edən birgə bəyannamə də imzaladılar. Xarici siyasət kursunda isə Qafqaz siyasəti əsas önəm daşıyan məqamlardan idi. Türkiyə-Rusiya danışıqlarında əsas müzakirə mövzusu olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu həftə diqqət çəkən bir sıra məqamlar oldu. Türkiyə mətbuatı danışıqların detalları barədə açıqlama verərək Türkiyənin Dağlıq Qarabağ münaqişəsində vasitəçi kimi çıxış etdiyini, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində münaqişənin artıq şərt kimi qoyulmadığını, Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi 6 rayonu mərhələ-mərhələ Azərabycana qaytarmağa razı olduğunu yazdı. Əslində, münaqişənin mərhələli həlli variantına Ermənistanın razılıq verməsi buna qədər bəlli olan məsələ idi. Elə prezident İlham Əliyev də Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində bildirib ki, münaqişə mərhələli həll olunmalıdır. Birinci mərhələdə Dağlıq Qarabağın ətrafında işğal olunan 7 rayon azad edilməli, sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. Dövlət başçısı Ermənistan rəhbərliyinin bu məsələyə konstruktiv yanaşacağına ümid edib. Ermənistan prezidenti Serc Sarkisyan isə hakim koalisiyaya daxil olan «Çiçəklənən Ermənistan» partiyasının qurultayında Dağlıq Qarabağla bağlı sərt mesaclar verdi. Serc Sarkisyan «Qarabağ ermənilərin vətənidir» bəyanatını verdi. Amma elə bu bəyanatın verildiyi həftə ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza Azərbaycanın ərazibütövlüyü prinsipini bir daha qabartdı. ATƏT Parlament Assambleyası sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Qoran Lenmarker isə Ermənistanı kiçik, zəif iqtisadiyyatı olan ölkə adlandırdı. Onun sözlərinə görə, Ermənistanı münaqişənin həllində daha çox enerji layihələrində iştirak düşündürməlidir. Odur ki, ATƏT nümayəndəsi tərəfləri güzəştə səslədi. Metyu Brayza isə güzəştin konturlarını artıq aydın anladıqlarını bəyan etdi. Minsk qrupunun amerikalı həmsədri tərəflər arasında razılaşmanın balanslı və ədalətli olmasını vacib sayır ki, Azərbaycanın ən əsas tələbinə-ərazi bütövlüyününü təmin edilməsinə cavab versin. Bu konteksdə yay aylarında baza prinsipləri üzərində razılaşmanın əldə edilməsi də mümkün sayılır. İndi həmsədrlər müəyyən sənəd üzərində işlədiklərini də gizlətmir. Metyu Brayza bu sənəddə bir tərəfdən Azərbaycanın ərazibütövlüyü tələbinin, digər tərəfdən isə Ermənilərin öz müqəddəratını müəyyən etmək arzusunun əhatələnməli olduğunu deyir. Və belə bir razılaşmaya nail olmağın yolları barədə təklifləri əhatə edən sənəd üzərində işi yekunlaşdırmağa çalışdıqlarını deyir. Bu sənədin son variantında nələrin əks olunacağını və Azərbaycanın buna hansı cavabı verəcəyi isə qarşıda bilinəcək. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyə ilə Ermənistan arasında əlaqələrdə normallaşmaya doğru bir prosesin yaşandığını, digər tərəfdən isə Azərbaycan və Ermənistan arasında da dialoq prosesinin getdiyini dedi. Və hər iki prosesin paralel aparıldığını, bir tərəfdəki müsbət inkişafın digər tərəfə də müsbət təsir edəcəyini bildirdi. Belə güman edilir ki, Türkiyə Ermənistanla sərhədləri açmaqla, iqtisadi çıxarları önə çəkməklə özünün dediyi kimi, ən azından erməni lobbisinin Ermənistan üzərində təsirini azaltmağa çalışır. Amma Azərbaycan ərazilərinin işğalına son qoyulmasını şərt kimi irəli sürür. O da var ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri buna qədər Azərbaycanın maraqlarının Türkiyənin maraqları olduğunu bəyan etmişdi. İndi Türkiyə hökumətinin Ermənistan qarşısında başqa şərtinin Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın yaradılması olduğu bildirilir. Elə Birləşmiş Ştatlarda türk lobbisini təmsil edən 53 təşkilatın prezident Barak Obamaya məktubunda da deyilir ki, uydurma soyqırımla bağlı layihənin qəbulu mütəxəssislərin və tarixçilərin müstəqil araşdırmalarına, onların gəldiyi obyektiv nəticəyə məhəl qoyulmaması kimi dəyərləndirilə bilər. Uydurma erməni soyqırımının tanınması ilə bağlı isə son mərhələnin yetişdiyi açıqlanır. Sənəd layihəsi Birləşmiş Ştatlar konqresinin nümayəndələr palatası üzvlərinin imzasına təqdim edilib. Doğrudur, Türkiyənin Yaxın Şərq siyasəti və bu yöndə İsrail əleyhinə bəyanatlarını nəzərə alanlar yəhudi lobbisinin bu məsələdə türklərin yanında olmayacağı deyir. Türkiyəli siyasətçilər uydurma erməni soyqırımı ilə bağlı məsələnin dövlət katibi Hillari Klintondan asılı olduğunu düşünür. Türkiyə isə Rusiyaya Ermənistanla əlaqələrin normallaşmasında bir növ indikator kimi baxır. Türkiyənin Rusiya ilə xüsusi münasibətləri var. Və prezident Abdullah Gülün bu dəfə Moskva səfərinin mətbuat üçün açıq olan hissəsində daha çox iqtisadi məsələlərin, o cümlədən neft-qaz layihələrinin müzakirə edilməsinə diqqət yönəldilsə də, əsas yerdə siyasətin, Türkiyənin Qafqaz regionunda siyasətinin müzakirə olunduğunu bəllidir. Həmçinin Rusiya, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistanın daxil olacağı planlaşdırılan Qafqazda təhlükəsizlik paktının. Yeri gəlmişkən, bu dörtlükdə Türkiyə Rusiya-Gürcüstan münasibətlərini, Rusiya isə Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərini normallaşdıracaq ölkə kimi xarakterizə edilir. Əlbəttə, strateji planlarında Rusiya Türkiyənin Qafqazda möhkəmlənməsini arzu etmir, amma indilik regiondakı gərginliyi azaltmaq üçün taktiki gediş edə bilər. MARTIN 18-DƏ KEÇİRİLƏCƏK REFERENDUMLA ƏLAQƏDAR TƏŞVİQAT MƏRHƏLƏSİNƏ START VERİLİR Martın 18-də Konstitusiyaya əlavələr və dəyişiklər edilməsi ilə əlaqədar referendum keçiriləcək. Artıq fevralın 18-dən referendumqabağı təşviqat mərhələsinə start veriləcək. Fevralın 11-də referendumda iştirak edəcək təşəbbüs qruplarının qeydə alınma mərhələsi başa çatdı. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, referendumda 9 təşəbbüs qrupu iştirak edəcək. Bunlar «Yeni Azərbaycan», «Tərəqqi», «Şəhər», «Hüquq və demokratiya», «Vətəndaş cəmiyyəti», «Davamlı İnkişaf Naminə», «Respublikaçılar», «Zəka» və «Qarabağ və Respublika Uğrunda Hərəkat» qruplarıdır.Ümumilikdə isə imza vərəqəsi üçün müraciət edən 14 təşəbbüs qrupundan 13-ü tələb olunan 40 min seçici imzasını MSK-ya təqdim edib. “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu imza vərəqələrini MSK-ya qaytarmayıb. “Abad kənd”, “Azad söz”, “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarının topladıqları etibarlı imzaların sayı 40 mindən az olduğu üçün onlar qeydə alınmayıblar.Fevralın 18-dən referendumqabağı təşviqat mərhələsi başlayır və səsverməyə 1 gün qalmış, yəni martın 17-də başa çatır. Artıq fevralın 18-dən İctimai Teleradioda təbliğat kampaniyasına start veriləcək. Seçki Məcəlləsinin tələblərinə görə, kampaniya dövründə İctimai televiziya və radionun efirində təşviqat üçün həftədə ən azı 3 saat vaxt ayrılmalıdır. Həmçinin, dövlət büdcəsindən maliyyələşən qəzetlərdə – “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakınsky Raboçiy” qəzetlərində də təşəbbüs qrupları pulsuz təşviqat apara biləcəklər. 18 mart referendumu ilə bağlı 125 seçki dairəsindən 124-ü qeydə alınıb. Dairə komissiyalarında isə 83 min 484 təşəbbüsçü qeydə alınıb. Ölkə üzrə seçicilərin siyahısı da təsdiqlənib. Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinin məlumatına görə, yanvar ayı ərzində dəqiqləşdirmələr aparıldıqdan sonra siyahı qurumda təsdiqlənib. Artıq seçicilər Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az, www.infocenter.gov.az saytlarına daxil olaraq adlarının siyahıda olub-olmadığını yoxlaya bilərlər. Seçici siyahısında adını tapmayan şəxslər MSK-nın “qaynar xətt”inə müraciət edə bilərlər. Son məlumatlara görə, ölkə üzrə 4 milyon 804 min nəfər seçici var.Artıq seçicilərin səsverəcəyi səsvermə bulletenləri də hazırdır. Bülletendə referendum layihəsi əsasında tərtib edilmiş konstitusiyanın 29 maddəsinin hər birində dəyişikliklərə münasibəti səciyyələndirən «hə» və «yox» sözü yazılan boş kvadratlar göstərilir. Seçici dəyişikliklərə səsverirsə, «hə» sözünün, dəyişikliklərin əleyhinədirsə, «yox» sözünün altındakı kvadratlara hər hansı bir işarə, məsələn X işarəsi qoymalıdır. O ki qaldı konstitusiyaya əlavə və dəyişikliklərə. Bunlar 29 maddə üzrə 41 əlavə və dəyişikliyi əhatə edir. İndi referenduma çıxarılan maddələrin müqayisəli təhlili aparılır, vətəndaşlara dəyişikliklərin mahiyyəti açıqlanır. İctimaiyyət xüsusən səsverməyə çıxarılan dövlətin ali məqsədi, ailə, uşaqlar və dövlət, din və dövlət, bərabərlik hüququ, şəxsi toxunulmazlıq hüququ, qanunvericilik təşəbbüsü hüququ, prezident seçkilərinin əsasları, Azərbaycan Respublikası Prezidentinin təminatı, prezidentin səlahiyyətləri və digər maddələrə nəzərdə tutulan dəyişiklikləri maraqla qarşılayır. Konstitusiyaya əlavə və dəyişikliklər Milli Məclis çağırışının səlahiyytə müddəti, qanunvericilik təşəbbüsü hüququ, prezident seçkilərinin əsasları və prezidentin təminatı maddələrini də əhatə edir. Konstitusiyaya əlavələr bələdiyyələrin müstəqilliyinin təminatı maddəsini də aiddir. Bura edilən əlavəyə görə, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, amma bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi dövlətin suverenliyinə xələl gətirə bilməz. Bu əlavə və dəyişikliklərə ölkənin səsvermə hüququ olan bütün vətəndaşlarının münasibət bildirməsi isə vacibdir. Bunu beynəlxalq təşkilatların və Qərb dövlətlərinin nümayəndələri də etiraf edir. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, Konstitusiya dəyişiklikləri kimi mühüm qərarların qəbulunda bütün əhalinin fəal iştirakı vacibdir. Yeri gəlmişkən, 18 mart referendumunu müxtəlif təşkilatların müşahidəçiləri izləməlidir. Artıq bununla bağlı seçki komissiyalarına 2580 nəfər müraciət edib. Xatırladaq ki, bu, müstəqillik dövründə ölkəmizdə keçirilən 3-cü referendumdur. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulu ilə bağlı idi. Referendumun nəticələrinə əsasən, vətəndaşın 3 milyon 556 min 277 nəfəri və ya 86,5 faizi səsvermədə iştirak edib, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsi lehinə, 6,63 faizi isə əleyhinə səs vermişdi. 2002-ci il avqustun 24-də keçirilən referendum isə ali qanunda bəzi dəyişiklikləri nəzərdə tuturdu. Səsvermə nəticəsində ölkə üzrə 100 referendum dairəsindən 99-da səsverənlər siyahılarına daxil edilmiş seçki hüququ olan 4 milyon 449 min 260 Azərbaycan vətəndaşından 3 milyon 731 min 51 nəfəri və ya 83,86 faizi referendumda iştirak edərək səs vermişdi. AĞ EVİN YENİ ADMİNİSTRASİYASININ İRAN SİYASƏTİ Barak Hüseyn Obamaya olan ümidlər və dünya siyasətindəki reallıqlar. «Biz müharibə apardığımız ölkələrlə və İranla danışıqlar masası arxasına oturmalı və hər şeyi ətraflı müzakirə etməliyik». Bu Barak Obamanın seçkiqabağı bəyanatıdır. ABŞ prezidentinin ötən həftə keçirdiyi mətbuat konfransındakı bəyanatına nəzər salanda onun bu fikrində israrlı olduğunu görürük. *** Birləşmiş Ştatlar prezidenti Barak Obama ötən həftə keçirdiyi ilk mətbuat konfransında ölkəsinin qarşıdakı illər üçün daxili və xarici siyasətinin prioritet istiqamətlərini açıqladı. Ağ ev rəhbərinin dünya maliyyə böhranından çıxış yolları ilə yanaşı, İranla münasibətlərə dair açıqlamaları diqqətdən yayınmadı. Ən azından ona görə ki, yeni administrasiya Tehranla əməkdaşlığa Corc Buş iqtidarından fərqli aspektdən yanaşır. Söhbət siyasi, iqtisadi və hərbi təzyiq alətlərini diplomatik vasitələrə dəyişməkdən gedir. Ancaq Barak Obama İranın qarşısında əvvəlkindən o qədər də fərqlənməyən şərtlər qoyur.Məsələn, Barak Obama İran prezidenti Mahmud Əhmədinecatla görüşü mümkün sayır və hesab edir ki, bu addım İranın nüvə proqramı ətrafında yaranmış problemin minimum yarısının həlli demək olacaq. ABŞ prezidentinin fikrincə, iki ölkə arasında qarşılıqlı hörmət və tərəqqini ehtiva edən münasibətlər qurmaq üçün imkanlar var. Və Vaşinqton yaxın aylarda qarşılıqlı siyasəti yeni istiqamətdə aparmaqdan ötrü üz-üzə oturmağın yollarını arayacaq. Hesab olunur ki, bu yollar İranın nüvə proqramından, Yaxın Şərq siyasətindən, «Hizbullah» və «Həmas» kimi təşkilatlara yardımı dayandırmasından keçir. Mətbuat konfransında İranla əlaqələrin qabardılması təsadüfi deyil. Birləşmiş Ştatlar analitiklərinin böyük bir hissəsi artıq belə qənaətə gəliblər ki, Barak Obama tələsməyə borcludur. Çünki Tehran bu il nüvə silahının hazırlanması üzərində işləri başa çatdıra bilər. Hətta vaxt da göstərilir– yaxın bir neçə ay ərzində. Ağ Evin yeni rəhbərliyi İranla yeni təmas nöqtələri axtarana və danışıqlara başlayana qədər nüvə silahı hazır olacaq. O zaman nəinki bölgədə, ümumilikdə beynəlxalq səviyyədə yeni mənzərə yarana bilər. Hər halda ekspertlər Obama administrasiyasının siyasi təzyiq vasitələrindən nisbətən imtina etməsini Tehranda və Avropada müsbət qarşılandığını düşünür. Hətta İran prezidenti Mahmud Əhmədinecat da ənənəvi ritorikasından uzaqlaşaraq Vaşinqtonu əməkdaşlığa çağırır. Amma bəzi ağır şərtlər qoyur ki, bunların da qəbulu mümkünsüz görünür. Məsələn, Əhmədinecat deyir ki, Ağ ev Tehranla münasibətləri dəyişmək istəyirsə, keçmişdə olanlara görə İrandan üzr istəməlidir. Bu, Obamanın «Əl-Ərəbiyyə» telekanalına müsahibədə «Biz İrana dost əli uzatmağa hazırıq» mesajına cavab reaksiyası idi. Birləşmiş Ştatlar prezidenti elə həmin müsahibəsində İrana nüvə silahı yaratmaq, İsrailin ünvanına hədələr səsləndirmək və terrorçu təşkilatlara dəstəyi davam etdirməyə imkan verməyəcəklərini demişdi. Əslində, Ağ Evin yeni rəhbərliyinin respublikaçılardan ciddi fərqlənən İran siyasəti ortaya qoyacağı gözlənilmir. Çünki bu, ABŞ-ın 1979-cu il İran inqilabından sonra bu ölkə ilə bağlı siyasətində növbəti iflası ola bilər. Əhmədinecatın adı isə o zaman Tehrandakı Amerika səfirliyini hücumla ələ keçirənlər sırasında hallanır. Bu baxımdan diplomatik münasibətlərin bərpası çağırışlarının tam səmimi olduğuna tərəflərin heç biri inanmır. Digər tərəfdən, İranın ABŞ-ın strateci hədəflərinin dəyişildiyinə inanmadığı açıq ifadə olunur. Hətta dövlət katibi Hillari Klintonun prezidentliyə namizəd olarkən İranın ünvanına səsləndirdiyi ittihamlarını da xatırladırlar. Xanım Klinton prezident seçiləcəyi təqdirdə İrana zərbə endiriləcəyini bəyan etmişdi. Bu baxımdan rəsmi Tehranın Barak Obama administrasiyasına qarşı yeni mövqe formalaşdırdığı və bunun bir sıra amillərdən asılı olduğu ilə bağlı açıqlamaları tam başadüşüləndir. Beləliklə, ABŞ-ın yeni prezidenti hakimiyyətə gəldiyi ilk gündən Buş iqtidarının miras qoyduğu 2 əsas problemi qısa müddətdə həll etmək məcburiyyətində qalıb: birincisi, dünya maliyyə böhranından çıxmaq. Prezident Obama ilk mətbuat konfransında açıq etiraf etdi ki, ötən ay ərzində ölkədə 598 min iş yeri ixtisara salınıb, insanlar sabahkı günə inamlarını itiriblər. Amerika xalqı tammiqyaslı böhrana məruz qalıb, öz nöbvəsində yeni hökumətə dövlət büdcəsində trilyon dollar defisit miras qalıb ki, bu da «Böyük depressiya» zamanı üzə çıxan böhrandan heç də geri qalmır. İkinci problem isə böhran şərtləri altında Rusiya və İranla münasibətləri yeni formaya salmaqdan ibarətdir. Hələlik bu işin hansı mexanizmlə həyata keçiriləcəyi məlum deyil, amma bir məsələ tam aydındır ki, Obama Buşun sözügedən ölkələrə münasibətdə konfrontasiya siyasətindən mütləq imtina etməlidir. Əks təqdirdə daha ciddi problemlər üzləşəcək. BƏXTİYAR VAHABZADƏ SON MƏNZİLƏ YOLA SALINDI O, bu millətin dili üçün dərd çəkməyə gəlmişdi – bu dilin nə qədər sevimli, şirin, şəhdi-şəkərinin vazkeçilməz olduğunu həm özü yazırdı, həm də danışmaq, yazmaq istəyənlərə öyrədirdi.O, həmişə tribunada idi – onun öz kafedrası vardı: həm müəllimi olduğu Bakı Dövlət Universitetində, həm təmsilçisi olduğu xalqın Milli Məclisində, həm də onu anlayan, duyan, dərk edən insanların ürəyində!«Dərdin yoxluğunu mən dərd edərdim» deyən şairin nəinki yaşadığı dünyanın, heç kəsin belə ətəyindən sallanmamağı ona ömür-günlüyündə olmazın sitəmlər yaşatsa da, xalqının müdafiəsi naminə ən cəsarətli addımlara sahib oldu. Onu sevdirən də buydu. Birbaşa yayımlarda ilk dəfə abır-həyaya dəvəti də şairin dilindən eşitdik: “Axı, bu tribuna şahiddir…”Dilimizin üstünə toplu-tüfəngli, şərli-böhtanlı, hərbə-zorbalı həyasızlıqlarla, imansızlıqlarla savaş açılanda bir türk kişisinin bir düşmən ordusu qabağına çıxmaq cəsarətini sərgiləyənlərdən biri oldu. Amma təəssüflər olsun ki, zaman-zaman üstünə yeriyənlərin üstünə yeriyənlər olmadı və şair öz tənhalığında özüylə baş-başa qaldı. Xalqından da, mənsub olduğu xalqın sıravi müxbirindən, reportyorundan da heç nəyini, hətta göz yaşlarını da gizlətmədi – bu xalq üçün ağlamağacan fədakarlıq etmək elə bil ki, onun vətəndaşlıq missiyasıydı. Bəxtiyar müəllim özü bu yolu seçmişdi. Bəxtiyar Vahabzadə vətənləşmiş fərdlərin sırasında böyük hərflərlə yazılacaq isimlərdən olduğunu da çoxdan sübut etmişdi. Bəxtiyar Vahabzadə imzası və şəxsiyyəti təkcə «Ana dilim, Ana dilim» harayının Gülüstandan parçalanan ölkəsinin umsuq notlarında müəlliflik etmir, eyni zamanda Azərbaycan ziyalılıq tarixinin seçilmişlər qrafasında xüsusi çəkisi olan, qranitləşən patriarxlıqda bərq vurur.Bizlər şair üçün ağlamaq zirvəsinə yüksəlmək amacındaykən, Bəxtiyar müəllim hələ sağlığında və sağlığımızda bizi ağlayırdı, bizim üçün ağlayırdı. Doğrudan da, o bu boyda böyüklükdə ağlamaqda belə tənhalıqda idi. Bu gün onu yola saldığımız məkan da tənhalıqlar qalaktikasıdır. Bəxtiyar Vahabzadə «Dünya Allahın çin olmayan yuxusudu» demişdi. Və özü də Allahın həmişə oyaq olduğu məkanlara üz tutdu. Bizlərin qəflət dünyasında şairin həmişə ayıq-sayıq olaraq dərdlərimizlə çabasına laqeydliyimiz onu ağlatmaq dərəcəsinəcən yumşalda bilmişdi. İçimizdə «İtirib şair Vurğunu, Bəxtiyarı saxla barı» deyənlər olsa da, dünya elə həmən dünyadı: bir ucu ölümlü-itimli dünya - «Bir yandan boşalan, bir yandan dolan dünya»Bəxtiyar Vahabzadə gedişiylə də içimizdən özü boyda Azərbaycan apardı. Çünki o özü boyda Azərbaycan idi. Amma orası da var ki, elə yaratdıqları da Azərbaycan boyda Azərbaycandır, Azərbaycanın adınadır!Biz onun yoxluğunu bilə-bilə, onu sevməkdə, anmaqda, anlamaqda davam edəcəyik. Bizim sevdiklərimizi bizə sevdirən Bəxtiyar Vahabzadənin millətin və xalqın, dövlətin və söz səltənətinin qalaktikasında əbədiyaşarlığı da bundan ötrü olacaq. Böyük şairimizin elə öz fikirləriylə özünə-ölümünə üz tutaraq deyirik: Ötəri mənzildə qədər hökm edər, Kimimiz bal içər, kimimiz zəhər: Əbədi mənzildə hamı - bir nəfər, Bir nəfər özü də hamı deyilmi?Bizim üçün yazdıqlarına görə qarşısında borcluyuq. Hər yerdə bizim üçün vuruşduğuna görə qarşısında borcluyuq. Sevdiklərimizi ucalıqlara çatdırdığına görə qarşısında borcluyuq. Və nəhayət, vətənləşmiş fərdimiz olduğuna görə qarşısında borcluyuq. Amma şair bunları bizləri borclu çıxarmaq üçün yox, bu vətənin daşı olmaq üçün edirdi. Əvvəl-əvvəl özü yandı, sonra dedi: «Sən yanmasan…» Böyük və bakirə sevgilər şairi dilə gətirdi, hər birimizin ürəyindən tikan çıxaran qınaqları hamımızdan əvvəl sözə çevirdi. «Bir salama dəymədi?» - milyon illər sonranın da nakam və pünhan qalmalı sevgilərinin əbədi sualını da müəyyən edən şairi xatırlayanda bilməliyik ki, onun həyat və yaradıcılığı Azərbaycan boyda Azərbaycan sevgisinə layiqdir. Bu gündən sabaha yol açan, körpü salan gecələrdə bir böyük şairin mütəfəkkirlik və söz sərkərdəliyinin səslənəcək həyat simfoniyası bizləri bir daha və yenidən Azərbaycan haqqında düşündürəcək, ən səmimi hisslərimizi canlandıracaq. Bizləri bu gün sevindirən bir nəsnə varsa, o da ondan ibarətdir ki, vaxtiylə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin davasına çıxdığı ana dilimiz artıq müstəqil Azərbaycanın dünyada etirafıdır. Nə yaxşı ki, o, bu günləri görə bildi. Xalqın milli-azadlıq mübarizəsinin hər bölümünün öz qəhrəmanları olduğu kimi, Bəxtiyar Vahabzadə də ədəbi mübarizənin önündə adı hörmətlə çəkilən və daim də çəkiləcək simalardan oldu. Bizlər – onun müasirləri bu məsudluğu bölüşərkən belə şairlə vidalaşmaq məcburiyyətində qalmağımızı yəqin ki, çox ağrılı yaşayacağıq. Və nə yaxşı ki, Bəxtiyar müəllimin təkbaşına çəkdiyi acılara onun minlərlə tələbəsi şahiddi. Bəxtiyar Vahabzadənin soydaşımız olması da gələcək nəsillər qarşısında qürur ünvanıdır. Bəxtiyar Vahabzadə epoxası ədəbiyyatın ən pak səhifələrindən və mübarizənin ən sağlam bölümlərindən ilkidir. Bizlərin bunları dəyərləndirmək qabiliyyətimiz də elə danışdığımız dilin Bəxtiyar Vahabzadə yazan şirinliyindəndir, sevimli olmasındandır, şəhdi-şəkərinin vazkeçilməzliyindəndir. Balzak yazırdı ki, insanların xoşbəxt olub-olmadıqlarını yalnız ölümündən sonra demək olar. Ölüm belə Bəxtiyar Vahabzadənin xoşbəxt olduğunu dana bilmədi – Bütün varlığı ilə sevdiyi doğma Azərbaycan xalqının hiss və duyğularını qələmə alan, milli dəyərlərin formalaşmasına töhvələr verən, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynayan azadlıq carçısı və nəhayət, xalqının müdafiəsi üçün əzab çəkənlər həmişə xoşbəxtdir. …Ölümündən sonra olsa belə! Bu xoşbəxtliyin Ulu Tanrıya uzanan yolu isə Şəkidən başlamışdı… Allah rəhmət eləsin!.